Pərviz Şahbazov bildirib ki, Zəngəzur üzərindən keçəcək yeni elektrik bağlantısı Xəzər regionunun enerji resurslarını Ermənistan üzərindən Naxçıvan vasitəsilə Türkiyəyə çatdıracaq və bu layihə Türkiyənin regional enerji habı rolunu daha da gücləndirəcək.
Nazir bu fikirləri “2-ci İstanbul Təbii Sərvətlər Zirvəsi” çərçivəsində keçirilən “Dəyişən Qlobal Mənzərədə Enerji Təhlükəsizliyi: Bağlantılar və Əməkdaşlıq” mövzusunda nazirlər sessiyasında səsləndirib.
Nazir çıxışında Azərbaycan və Türkiyə arasında enerji sektorunda uğurlu əməkdaşlıq modelinin formalaşdığını vurğulayıb. Bildirilib ki, tərəflər həm böyük investisiyalar yatırır, həm də neft-qaz kəmərləri və elektrik infrastrukturu üzrə müxtəlif layihələr həyata keçirirlər.
Qeyd olunub ki, hər iki ölkənin enerji strategiyası mənbələrin və marşrutların şaxələndirilməsi, eləcə də daha geniş enerji bağlantılarının yaradılmasına əsaslanır. Bu kontekstdə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi layihəsinin etibarlı və proqnozlaşdırılan enerji marşrutları sırasında yer aldığı qeyd edilib.
P. Şahbazov vurğulayıb ki, son geosiyasi proseslər fonunda enerji gücü artıq yalnız hasilatla deyil, həm də təchizat təhlükəsizliyi, enerji bağlantıları və etibarlı tərəfdaşlıqla ölçülür.
Nazir həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik interkonnektoru layihəsinin gündəmdə olduğunu diqqətə çatdırıb.
Bundan əlavə, Özbəkistanın Çinlə enerji əlaqələrini nəzərdə tutan layihələri fonunda gələcəkdə Türkiyə, Azərbaycan və Mərkəzi Asiya üzərindən Çinlə Avropa arasında yeni enerji bağlantılarının formalaşmasının Avrasiyanın enerji arxitekturasını dəyişə biləcəyi bildirilib.
Nazir çıxışında elektromobillik, elektrikləşmə, data mərkəzləri və süni intellekt kimi texnoloji inkişafların enerji tələbatını sürətlə artırdığını da qeyd edib. Onun sözlərinə görə, əsas məsələ artıq enerjinin ən ucuz mənbədən əldə olunması deyil, onun əlçatanlığının və təhlükəsiz təchizatının təmin edilməsidir.
Sessiyada Alparslan Bayraktar ilə yanaşı, Gürcüstan, Moldova, Liviya, Somali, Nigeriya və Sudan nümayəndələri də iştirak ediblər.