
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif (IPO – Initial Public Offering) üsulu ilə yerləşdirilməsinə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib.
BBN.az xəbər verir ki, 28 yanvar 2026-cı il tarixində “Four Seasons” otelində keçirilən tədbirdə Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev IPO təşəbbüsünün maliyyə dayanıqlığının daha da gücləndirilməsi, şəffaflığın artırılması və kapital bazarının inkişafına töhfə vermək məqsədi daşıdığını bildirib.
Onun sözlərinə görə, səhmlərin İlkin Kütləvi Təklif üsulu ilə yerləşdirilməsi Bank üçün növbəti strateji inkişaf mərhələsidir:
“IPO prosesinə qoşulan ilk özəl bank məhz “PAŞA Bank”dır. “Paylaşdıqca, böyüyürük. Birlikdə.” şüarı ilə keçirilən səhmlərin yerləşdirilməsi bankımıza daha şəffaf, dayanıqlı və investorlar üçün uzunmüddətli dəyər yaradan maliyyə institutu kimi fəaliyyətini genişləndirmək imkanı verir. Hazırkı mərhələdə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin həcmi Bank kapitalının 5 faizinə bərabər olmaqla, 932 926 ədəd adi, adlı səhmdən ibarətdir”.
C.Quliyev qeyd edib ki, “PAŞA Bank” hər zaman real sektorun etibarlı maliyyə tərəfdaşı olub və bu missiyanı davam etdirir.
“İllər ərzində dayanıqlı və məqsədyönlü inkişaf səhm bazarına çıxışımıza təkan verdi. Bu addım ölkə iqtisadiyyatına, xüsusilə də qeyri-neft sektorunun inkişafına daha güclü töhfə vermək üçün yeni imkanlar yaradır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, 2007-ci ildə yaradılan “PAŞA Bank” korporativ və kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bank xidmətləri təqdim edir. Bankın fəaliyyətinin əsas məqsədi qeyri-neft sektorunun inkişafına dəstək vermək və real sektor bizneslərinin maliyyə ehtiyaclarını qarşılamaqdır. “PAŞA Bank” Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.
Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi töhfələrə görə “Euromoney”, “International Investor” və “Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən müxtəlif mükafatlara layiq görülüb. Həmçinin “Ən yaxşı KOS bankı”, “World’s Best Private Banks 2025” kimi titullar qazanıb. 2025-ci ildə isə “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını əldə edən ilk Azərbaycan bankı olub.





