Azərbaycanda müvafiq olaraq bankçılıq və telekommunikasiya sahəsində lider şirkətlərdən olan “PAŞA Bank” və “Azercell” tərəfdaşlıq çərçivəsində yeni layihə üzərində işlər görür. Bu layihə nəticəsində, mobil operator vasitəsilə istifadəçilərə maliyyə məhsulu təqdim edə bilmək üçün həllin yaradılması planlaşdırılır.
Bu barədə, “PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyev 2021-ci ilin yekun göstəricilərinə həsr olunmuş mətbuat konfransında verdiyi açıqlamasında bildirib. O, məhsulun yaxın aylarda bazara buraxılacağını vurğulayıb.
Məlumat üçün qeyd edək ki, konfrans çərçivəsində “PAŞA Bank”ın maliyyə vəziyyəti göstəriciləri ilə yanaşı, rəqəmsallaşma tendensiyaları da açıqlanıb. Belə ki, Baş maliyyə İnzibatçısı Bəhruz Nağıyev tərəfindən verilən məlumata görə, ötən il korporativ müştərilər tərəfindən aparılan əməliyyatların 99%-i rəqəmsal platformalar üzərindən həyata keçirilib. Fərdi bankçılıqda isə nağdsız əməliyyatlar 2020-ci ilə nəzərən 30%-dən 40%-ə yüksəlib. Bununla yanaşı, ötən ilin sonlarında “PAŞA Bank” tərəfindən təqdim edilən “Apple Pay” texnologiyası istifadəçilərin sayı 7 mini aşmışdır.