Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Danimarka Krallığında rəsmi səfərdə olub.
Səfər “Azərbaycanda layiqli iş yerlərinin yaradılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” layihəsi çərçivəsində “Karyera Bələdçiliyi” komponenti üzrə müsbət təcrübələrin öyrənilməsi məqsədi ilə baş tutub.
Nümayəndə heyəti Danimarkada məşğulluq siyasətini həyata keçirən təşkilatlardan biri olan Danimarkanın Əmək Bazarı və İşə Qəbul Agentliyinin (STAR) fəaliyyəti, xüsusi həssas qruplar üzrə peşəyönümü işinin həyata keçirilməsi prinsipləri ilə tanış olublar.
Agentliyin nümayəndələri müxtəlif yaş qruplarını əhatə edən işsiz və işaxtaran şəxslər üçün karyera məsləhəti xidməti göstərən və bu istiqamətdə araşdırma aparan “Væksthuset” təşkilatında da görüşlər keçiriblər. Səfər çərçivəsində həmçinin peşə təhsili sistemi, qısamüddətli təlimlərin tətbiqi və tələbələrə karyera məsləhəti prosesi barədə də məlumat mübadiləsi aparılıb.
Keçirilən görüşlərdə karyera məsləhətçiliyi sahəsində Dövlət Məşğulluq Agentliyinin iş prinsipləri və tətbiq edilən yeniliklər barədə də məlumat verilib.