Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar mətbuat konfransı keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu Sərəncamın sosial sahədə islahatların 2020-ci ildə də uğurla davam etməsinin əyani təsdiqi olduğunu vurğulayıb.
O qeyd edib ki, bu Sərəncamla 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır.
Nazir bildirib ki, Prezident cənab İlham Əliyevin uğurlu sosialyönümlü siyasəti nəticəsində ölkədə dinamik iqtisadi inkişafla paralel olaraq sosial sahənin bütün istiqamətlərində mühüm addımların atılmasına, o cümlədən pensiya təminatının ildən-ilə gücləndirilməsinə nail olunub. Son 16 ildə orta aylıq əməkhaqqı 11 dəfə, orta aylıq pensiya 8 dəfə, həmçinin müavinət və təqaüdlər dəfələrlə artırılıb.
S.Babayev xüsusilə 2019-cu ildə dövlət başçısının təşəbbüsü və tapşırığı ilə reallaşdırılan inqilabi sosial islahat paketlərinin 4,2 milyon vətəndaşın gəlirlərinin əhəmiyyətli dərəcədə artırılmasını təmin etdiyini vurğulayıb. O bildirib ki, nəticədə minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 72,4 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb, yeni təqaüd növləri təsis edilib, ümumən Prezidentin aylıq təqaüdləri ilə təminat proqramı 5 dəfəyə yaxın genişlənib.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı ötən ilki sosial islahatlardan bəhs edərkən “Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik. Ona görə sosial sahədə görülmüş bu işlər bir daha bizim siyasətimizi əks etdirir, bizim gücümüzü göstərir və bundan sonra da bu sahə daim diqqət mərkəzində olacaqdır” deyə bəyan etdi.
Nazir diqqətə çatdırıb ki, ötən il minimum pensiyanın ciddi artımı nəticəsində Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə MDB ölkələri və Gürcüstan üzrə 1-ci yerə yüksəlib. Pensiyalarda ciddi artım nəticəsində 2019-cu ildə Azərbaycanda pensiyaların orta aylıq məbləği 15 faiz, median pensiya məbləği 54 faiz artıb.
2019-cu ildə minimum əməkhaqqının və dövlət sektoru üzrə çalışanların əməkhaqqının artımının 1 milyon 350 min insanı əhatə etdiyini deyən S.Babayev eyni zamanda bu ciddi artımın ötən il ölkədə orta əmək haqqının da əhəmiyyətli dərəcədə – 16,6 faiz artması ilə nəticələndiyini qeyd edib. Bildirib ki, bu da nəticə etibarilə ölkəmizdə 2020-ci ildə pensiyaların əvvəlki illərin müvafiq indeksləşdirmə artımları ilə müqayisədə xeyli yüksək həddə indeksləşdirilərək artırılmasına imkan verib.
Nazir qeyd edib ki, əgər ötən ilki pensiya atımı 750 mindən çox pensiyaçını əhatə etdisə, hazırkı artım sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıların, yəni 1 milyon 120 minə yaxın insanın pensiyasına şamil olunur. Digər tərəfdən, 2019-cu ildəki pensiya artımları illik 450 mln. manat vəsait tələb edirdisə, hazırkı artım 560 milyon manat vəsaitin əhaliyə ödənilməsi ilə nəticələnəcək. Bu vəsaitlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək və dövlət büdcəsinə əlavə yük yaratmayacaqdır. Bu artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlir. Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.
Göründüyü kimi, son bir ildə sosial sahənin yalnız bir istiqaməti üzrə, yəni pensiya artımları hesabına pensiyaçılarımıza 1 milyard manatdan artıq əlavə vəsait ödənilir. Bu da bir tərəfdən dövlətimizin daim artan gücünü, digər tərəfdən sosial sahəyə qayğının və diqqətin bariz nümunəsidir.
S.Babayev bildirib ki, işləyən əhalinin fərdi hesablarındakı pensiya kapitalı da Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata uyğun olaraq, istehlak qiymətləri indeksinin 2019-cu il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilməklə yanvarın 1-dən 2,6 faiz artırılacaq. Həmin kapitallarda artım isə sığortaolunanlara gələcəkdə təyin olunacaq pensiyaların məbləğinin artımına əsas yaratmış olur.
Bu bir tərəfdən də əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində fəal iştirak üçün bir stimuldur. Belə ki, əmək müqaviləsi ilə çalışanlar fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay sosial sığorta ayırmaları ilə deyil, eyni zamanda, dövlət tərəfindən də hər ilin əvvəlində indeksləşdirilərək artırıldığının şahidi olurlar. Bu, həmçinin, qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlara bir mesajdır ki, onlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər, pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar, beləliklə də gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar.
Sonra nazir jurnalistlərin suallarını cavablandırıb.