“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin olunması, investisiyaların cəlb edilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, kənd təsərrüfatı və turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti-nin Trend-ə verdiyi məlumata görə, bu məqsədlə sənaye parklarının fəaliyyəti genişləndirilir, vergi və gömrük güzəştləri tətbiq olunur, həmçinin sahibkarların maliyyə imkanlarının artırılması üçün müxtəlif dəstək mexanizmləri həyata keçirilir.
Qeyd olunub ki, Ələkbər Məmmədov işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə dövlət büdcəsindən indiyədək 25 milyard manatdan çox vəsait ayrıldığını bildirib.
Onun sözlərinə görə, Qarabağ bölgəsində xarici investisiyaların həcmi də genişlənir. Xarici şirkətlərdən daxil olan müraciətlər 39 ölkəni əhatə edir. Türkiyə, İran, Macarıstan, Qazaxıstan və Rusiyadan olan investorların payı daha yüksəkdir.
Hazırda xarici investorların iştirakı ilə bir sıra iri layihələr həyata keçirilir. Bunlara Türkiyənin Dəmirörən və Dost Aqropark, Özbəkistanın Agro Sonuat İnnovator tərəfindən nar bağlarının salınması, Litvanın Dominari mebel klasteri, İsveçrənin Holcim sement anbarı, Rusiyanın Kamaz xidmət mərkəzi, Pakistanın Azerbaijan Rice Processing Mill MMC-si, eləcə də Belarusun Agrokombinat Dzerjinski ASC tərəfindən quşçuluq təsərrüfatının yaradılması daxildir.
Məlumata görə, bu layihələr regionda istehsal və xidmət infrastrukturunun genişləndirilməsinə xidmət edir.
Ə.Məmmədov vurğulayıb ki, investisiya layihələri iqtisadi fəallığın artırılması ilə yanaşı, yeni iş yerlərinin yaradılması, yerli sahibkarlığın inkişafı və müasir texnologiyaların tətbiqinə də şərait yaradır.
Qeyd olunub ki, bölgədə kənd təsərrüfatı, turizm, emal sənayesi və xidmət sektoru əsas inkişaf istiqamətləri kimi müəyyən edilib və bu sahələr üzrə layihələrin icrası Qarabağın iqtisadi inteqrasiyasını sürətləndirir.