Son günlər respublikada baş verən çoxsaylı təbiət hadisələri – dolu, güclü yağışlar və sel-subasma əkin sahələrinə və digər aqrar təsərrüfatlara zərər vurub. Təbii fəlakətlərin ən çox ziyan vurduğu yerlərdən biri Şəki-Zaqatala regionu, o cümlədən Qax rayonu olub. Bununla əlaqədar Aqrar Sığorta Fondu və Qax Rayon İcra Hakimiyyəti tərəfindən fermerlərlə görüş keçirilib. Görüşdə təbiət hadisələri nəticəsində fermer və təsərrüfatlara dəyən zərər və aqrar sığortanın faydası müzakirə edilib.
Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bildirib ki, dolu və güclü yağışlar, sel-subasma hadisələri rayonun əksər kəndlərində taxıl, qarğıdalı, fındıq və digər təsərrüfatlara zərər vurub, nəticədə fermerlər böyük itki ilə üzləşiblər. İcra hakimiyətinin başçısı qeyd edib ki, belə vəziyyətdə fermerlər dövlət tərəfindən yaradılan aqrar sığorta mexanizmindən faydalana bilərlər və onların itkiləri aqrar sığorta tərəfindən qarşılana bilər. Sığortalı fermerlərin sayının az olduğunu deyən Musa Şəkiliyev aqrar sığorta mexanizminin əhəmiyyətinə toxunaraq rayon fermerlərini sığortadan faydalanmağa çağırıb.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov son günlər baş verən təbiət hadisələri nəticəsinə fonda müraciətlərin artdığını bildirib. Onun sözlərinə görə, əgər ümumilikdə 2023-cü ildə sığorta hadisəsi üzrə Fonda 992 müraciət qeydə alınmışdısa, təkcə bu ilin yanvar-iyun aylarına müraciətlərin sayı 1200-ü keçib. Ümumilikdə bu dövrdə 50-dən artıq rayondan sığorta müraciətləri daxil olub.
Qax, Zaqatala və Balakən rayonlarından müraciətlərin olduğunu deyən Fond rəhbəri qeyd edib ki, müraciət edənlər arasında aqrar sığortası olanlarla yanaşı, əkin sahəsini sığorta etdirməyənlər də var. Fuad Sadıqov bildirib ki, sahələrini sığortalamayan fermerlərə sığorta ödənişinin verilməsi mümkün olmayacaq.
Tədbirdə qeyd edilib ki, dövlət aqrar sığortaya böyük dəstək verir, sığorta haqqının 50%-ni dövlət ödəyir. Bildirilib ki, nəticədə fermerlər cüzi məbləğ ödəməklə əkin sahələrini sığorta edə bilərlər. Belə ki, 1000 manatlıq buğda məhsulunun sığortalanması 20 manata, eyni məbləğli arpa məsulunun sığortası 24 manata, 1000 manatlıq qarğıdalı məhsulunun sığortası 12 manata, 1000 manatlıq fındığın sığortası isə cəmi 20 manata başa gəlir.
Tədbirdə müxtəlif hadisələr səbəbindən fermerlərə dəyən zərərin qarşılanmasında aqrar sığortanın əhəmiyyəti və fermerlər üçün faydaları açıqlanıb. Fermer və təsərrüfat sahiblərinin dolu, sel-subasma nəticəsində dəyən zərərlərə görə ödənişlərin verilməsi, dəyən zərərin hesablanması ilə bağlı sualları cavablandırılıb, təklifləri qeydə alınıb. Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Məhəmməd Fətəliyev tədbirdə çıxış edərək fermerləri aqrar sığortadan faydalanmağa çağırıb.
Tədbirdə bildirilib ki, Aqrar Sığorta Fondu 2022-ci ildə fermerlərə 2,4 milyon manat, 2023-cü ildə isə 4,4 milyon manat ödəniş edib, 2024-cü ildə bu məbləğin daha böyük olacağı gözlənilir. Görüşdə Aqrar Sığorta Fondunun elektron yenilikləri – “Aqrar Sığorta Kalkulyatoru” və “Sığorta şəhadətnaməsini yoxla” xidmətləri barədə məlumat verilib.
Tədbirdən sonra Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov Qax rayonunun Güllük və Zaqatala rayonunun Muxax kəndlərində doludan zərər çəkmiş təsərrüfatlarda olaraq əkinlərə baxıb və fermerlərlə söhbət edib. Güclü dolu Güllük kəndindəki qarğıdalı, taxıl və fındıq sahələrinə böyük zərər vurub. Zaqatalada isə təbiət hadisələri meyvə bağlarına zərər yetirib, ağacların bir qismi məhv olub, meyvələr yararsız hala düşüb. Məlum olub ki, təsərrüfatların böyük hissəsi sığortasız olduğuna görə, onlara sığorta ödənişinin verilməsi mümkün olmayacaq. Sığortalı əkin sahələrinə dəyən zərər isə bütünlüklə qarşılanacaq.
Fond rəhbərliyi təsərrüfat sahiblərinə və fermerlərə zərərlə üzləşməmək üçün öz əkinlərini sığortalamağı və dövlət dəstəyindən faydalanmağı tövsiyə edib.