
Ölkədə qeyri-yaşayış sahələri üçün ödənilən əmlak vergisinin artırılması təklif olunub.
Bu təkliflə “Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası“nın sədri Təmraz Tağıyev “Milli Məclisin Regional məsələlər komitəsi”nin bugünkü iclasında çıxış edib.
Onun sözlərinə görə, qeyri-yaşayış sahələri üzrə əmlak vergisinin artırılması fərdi sahibkarlara ciddi maliyyə yükü yaratmasa da, bələdiyyələrin büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına imkan verə bilər.
Təmraz Tağıyev mövcud vəziyyəti nümunə ilə izah edib:
“Məsələn, Nərimanov rayonunda sahəsi 1000 kvadratmetr olan bir obyekt üçün sahibkara aylıq 25 min manat icarə haqqı ödənilir. Lakin bələdiyyəyə bu obyekt üzrə ildə cəmi 500 manat əmlak vergisi daxil olur. Qeyri-yaşayış sahələrinə tətbiq edilən əmlak vergisi artırılarsa, bu, bələdiyyələr üçün əlavə maliyyə dəstəyi deməkdir”.
Assosiasiya sədri vurğulayıb ki, belə bir addım yerli özünüidarəetmə orqanlarının maliyyə imkanlarını genişləndirə və bələdiyyələrin fəaliyyətinin daha səmərəli təşkilinə töhfə verə bilər.







