
JPMorgan, Deutsche Bank və digər beynəlxalq nəhənglər İsveçrənin KOB sektoruna xidmətlərini artırır, UBS isə bazar liderliyini qorumağa çalışır
BBN.az xəbər verir ki, Financial Times yazır ki, Credit Suisse-in 2023-cü ildəki qəfil çöküşü və dövlət dəstəyi ilə UBS tərəfindən xilas edilməsi İsveçrənin korporativ bankçılıq ekosistemində böyük boşluq yaradıb. Nəticədə, JPMorgan, Bank of America, Deutsche Bank və Citigroup kimi qlobal banklar ölkədə kiçik və orta müəssisələr (KOB) seqmentinə fokuslanaraq bazar paylarını artırmağa çalışırlar.
JPMorgan İsveçrədə kommersiya və investisiya bankçılığı üzrə komandasını son illərdə 10% böyüdüb. Deutsche Bank ötən il Sürixdə xüsusi komanda yaradaraq orta ölçülü şirkətlərə xidmətini genişləndirib. Citigroup isə daha 2022-ci ildə İsveçrədə kommersiya bankçılığına start verərək illik dövriyyəsi 100 milyon – 3 milyard dollar arası olan şirkətləri hədəfləyib.
Deloitte-un hesabatına görə, İsveçrə KOB-larının beynəlxalq genişlənmə planları var, lakin sektorun konsolidasiyası xarici alışların maliyyələşməsini çətinləşdirib. 2024-cü ildə KOB-ların həyata keçirdiyi sövdələşmələrin sayı əvvəlki ilə nisbətən 9% azalıb.
Ekspertlər qeyd edirlər ki, UBS bazarda hələ də dominant oyunçudur, lakin yeni sərt kapital tələbləri xidmətlərin qiymətini artıra bilər. İsveçrə rəqabət qurumu Comco bazarda qiymət və xidmət haqlarının monitorinqini tövsiyə edib.
Sənaye assosiasiyası Swissmechanic-in rəhbəri Nikola Tettamanti bildirir ki, bir çox şirkət artıq beynəlxalq banklarla işləməyə açıqdır və daha rəqabətcil şərtlər gözləyir. Yerli banklar daxili kreditləşmədə üstün mövqedə qalsalar da, valyuta əməliyyatları və qlobal xəttli kreditlər kimi xidmətlərdə beynəlxalq oyunçularla rəqabətdə geri qalırlar.







