
Mərkəzi Asiya iqtisadiyyatının 2025-ci ildə illik müqayisədə 6%-dən çox artacağı proqnozlaşdırılır.
BBN.az xəbər verir ki, müxtəlif beynəlxalq maliyyə institutlarının qiymətləndirmələrinə əsasən, Mərkəzi Asiya iqtisadiyyatı 2025-ci ildə illik müqayisədə 6,2–6,6 faiz aralığında artım göstərəcək. Dünya Bankı region üzrə artımı 6,2 faiz, Avrasiya İnkişaf Bankı (AYB) isə 6,6 faiz səviyyəsində proqnozlaşdırır. Bu göstərici inkişaf etmiş iqtisadiyyatların gözləntiləri ilə müqayisədə daha yüksəkdir.
AYB-nin hesablamalarına görə, Qazaxıstan iqtisadiyyatı 2025-ci ildə 5,9 faiz, 2026-cı ildə isə 5,5 faiz böyüyəcək. Artım əsasən neft hasilatının genişlənməsi, sənaye istehsalı, daxili kreditləşmə və turizmin canlanması ilə əlaqələndirilir. Bununla yanaşı, yüksək inflyasiya və faiz dərəcələri alıcılıq qabiliyyətini məhdudlaşdırmaqda davam edir.
Özbəkistanın 2025-ci ildə 7,4 faiz artımla regionun ən sürətlə böyüyən iqtisadiyyatlarından biri olacağı gözlənilir. İxracın, investisiyaların və xidmət sektorunun genişlənməsi bu artımın əsas mənbələri kimi göstərilir. Qırğızıstanda artımın 10,3 faiz, Tacikistanda isə pul köçürmələri və dövlət investisiyaları hesabına yüksək templə davam edəcəyi proqnozlaşdırılır.
Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyaya daxil olmasa da, regionla iqtisadi əlaqələrini qoruyur. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, ölkə iqtisadiyyatı 2025-ci ildə təxminən 3 faiz artacaq. Digər qurumlar isə artımı 2,4–2,6 faiz səviyyəsində qiymətləndirir.
Ekspertlər bildirirlər ki, yüksək artım templərinə baxmayaraq, inflyasiya, gəlir bərabərsizliyi və xarici risklər region üçün əsas çağırış olaraq qalır. Dünya Bankı qlobal qeyri-müəyyənliklər fonunda regional artımın 2026–2027-ci illərdə tədricən zəifləyə biləcəyini istisna etmir.





