Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı paytaxtı elan olunmuş Quba şəhərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə TDT-yə üzv və müşahidəçi dövlətlərin Rəqəmsal Aqro Data Platformasının yaradılması ilə bağlı iclası keçirilir. Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının Kənd Təsərrüfatı Nazirliklərinin səlahiyyətli nümayəndələri və aidiyyəti qurumların ekspertləri iştirak edir.
Tədbirdən öncə iclas iştirakçıları Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi Heydər Əliyev Mərkəzindəki muzey bölməsini ziyarət edib, Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolunu, siyasi fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olublar.
İclası giriş sözü ilə açan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli bildirib ki, türk dövlətləri bu gün dünya miqyasında böyük nüfuza və iqtisadi gücə malikdir. O qeyd edib ki, son illər türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsində artımlar müşahidə olunur. TDT ölkələri arasında əlaqələrin daha da genişləndirilməsinin vacib olduğunu qeyd edən Azad Cəfərli vurğulayıb ki, təşkilatın Rəqəmsal Aqro Data Platformasının yaradılması kənd təsərrüfatı və ərzaq məhsulları sahəsində məlumat mübadiləsinin və ticarət əlaqələrinin gücləndirilməsinə hədəflənib.
Aparat rəhbəri əlavə edib ki, Rəqəmsal Aqro Data Platformasının yaradılmasında əsas məqsəd ilk növbədə, üzv və müşahidəçi dövlətlər arasında vahid ticarət şəbəkəsinin yaradılması, data əsaslı təhlilin aparılması, kənd təsərrüfatı və onların emalı məhsullarının ixrac və idxal potensialının qiymətləndirilməsi, ixracın və idxalın təşviqi, statistikanın toplanması, aqro statistika mərkəzlərinin fəaliyyətlərinin əlaqələndirilməsi və bu sahədə daimi əsasda fəaliyyət göstərən mərkəzlərin mütəxəssislərinin birgə fəaliyyətinin təşkil edilməsi, mübadilənin həyata keçirilməsi, hesabatların tərtib edilməsi, aqrar sahədə mövcud potensialın ölçülməsi və digər əlaqəli fəaliyyətlərin bir mərkəzdən idarəolunması və icrasının reallaşdırılmasından ibarətdir.
İclasda TDT-yə üzv və müşahidəçi dövlətlərin aidiyyəti qurumlarının məsul şəxsləri və özəl sektor nümayəndələri təqdimatlar keçirərək TDT Rəqəmsal Aqro Data Platformasının yaradılması istiqamətlərinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparılıb. Bununla yanaşı, TDT ölkələrinin iqtisadi, aqrar potensialı, investisiya imkanları və mövcud nəqliyyat infrastruktur layihələri barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.