

İstehlakçı vərdişlərinin dəyişməsi pərakəndə satış sektoru ilə yanaşı maliyyə sektoru və maliyyə texnologiyaları sahəsində də öz təsirini göstərir. Uzun müddətdir ki, mövcud olan və sürətlə yayılmağa davam edən rəqəmsal ödənişlər və bankçılığın rəqəmsallaşması konsepsiyasının ən çox müşahidə olunduğu regionlardan biri də Cənub-Şərqi Asiya regionudur.
İndoneziya, Malayziya, Sinqapur kimi texnoloji cəhətdən inkişaf etmiş ölkələrin də yer aldığı regionda rəqəmsal ödənişlərin sürətlə irəliləyəcəyi proqnozlaşdırılır. Bu barədə proqnoz, Beynəlxalq Məlumat Korporasiyasının (IDC) Sinqapur mərkəzli ödəniş platforması “2C2P” ilə tərəfdaşlıq çərçivəsində tərtib etdiyi hesabatda qeyd olunub.
Hesabata istinadən, rəqəmsal ödənişlərin e-kommersiyada payı geniş həcmdə artacaq və 2025-ci ilədək 162%-lik artım ilə 179.8 milyard dollar səviyyəsinə çatacaq. Bunun əsas səbəbləri kimi, mobil cüzdan tətbiqetmələrindən istifadənin koronavirus pandemiyasının nəticəsi olaraq kəskin artması ilə yanaşı, onlayn “İndi al sonra ödə” (BNPL) konsepsiyasının sürətlə yayılması göstərilib.
2025-ci ildə Cənub-Şərqi Asiya regionunun ən böyük e-kommersiya bazarlarının İndoneziya (83 milyard dollar), Vyetnam (29 milyard dollar) və Tailandda (24 milyard dollar) olması proqnozlaşdırılıb. Ümumilikdə isə, sözügedən regionda 2025-ci ildə 400 milyondan çox e-kommersiya istifadəçisi olacağı ehtimal edilir.