
Rəqəmsallaşmanın sürətlənməsi maliyyə dünyasında tamamilə yeni bir aktiv sinfi – kriptovalyutaların yaranmasına səbəb olub. Əvvəllər yalnız bank və vasitəçilərsiz dəyər ötürmə vasitəsi kimi qəbul edilən kriptovalyutalar bu gün həm mübadilə, həm yığım aləti, həm də ölçü vahidi rolunu oynayır. Daxili dəyəri zəif olsa belə, onlar artıq digər aktivlərin dəyərini qiymətləndirmək üçün də geniş istifadə olunur.
İctimai məlumatlılığın və institusional marağın artması nəticəsində kriptovalyutaların tətbiq sahələri DeFi (mərkəzləşdirilməmiş maliyyə) platformalarında, NFT-lərdə və smart müqavilələrdə genişlənir. DeFi ilə ənənəvi maliyyə (TradFi) arasında körpü rolunu oynayan mexanizmlər isə kriptovalyutaların leqallaşmasını və qəbulunu artırır.
Tokenləşdirmə isə ən inqilabi mexanizmlərdən biridir: daşınmaz əmlakdan tutmuş incəsənət əsərlərinə qədər ənənəvi aktivlərin paylara bölünərək daha likvid olması təmin edilir. Beləliklə, rəqəmsal aktivlər yaxın gələcəyin əsas qlobal trendi kimi qalacaq və ölkələrin bu sahədə çevik, düşünülmüş siyasəti onların qlobal mövqeyini müəyyən edəcək. Azərbaycan da bu prosesdən kənarda qalmır.
Blokçeyn mütəxəssisi Elşad Yusiflinin “Report”a verdiyi məlumata görə, Azərbaycanda kriptovalyutaların hüquqi statusunun hələ tam müəyyənləşməməsi əsas maneələrdən biridir. Hüquqi baza yaradıldıqdan sonra banklar kriptovalyutaları kreditlərin girovuna qəbul edə bilərlər, ancaq bazardakı volatillik səbəbindən adətən yalnız müəyyən faizi girov kimi qiymətləndirilir.
Tokenləşdirmənin hüquqi çərçivəsinin yaradılması da vacibdir – bu, real aktivlərin rəqəmsal tokenlərə çevrilərək çoxsaylı hissələrə bölünməsi, investorların isə bu tokenlər vasitəsilə mülkiyyət və gəlir əldə etməsinə şərait yaradır. Eyni model startaplar üçün də tətbiq oluna bilər, IPO-dan fərqli olaraq token satışları (ICO, IDO) vasitəsilə səhmlərin bazara çıxarılması mümkün olur.
Daxili bazarın böyüməsi üçün qlobal oyunçuların iştirakı vacibdir. Bunun üçün həm yerli, həm də xarici investorların rahat KYC (Know Your Customer) və KYB (Know Your Business) prosedurlarından keçməsi təmin edilməlidir. Yalnız yerli auditoriyaya yönəlik bazar kiçik çərçivədə qalacaq, buna görə də beynəlxalq standartların tətbiqi zəruridir.
Fiat valyutalara bağlı “stablecoin”lər, xüsusən USDT və USDC, dünya üzrə populyarlıq qazanır. 2024-2025-ci illərdə bu stablecoin-lərlə əməliyyat həcmi trilyonlarla dollara çatıb. Onlar transsərhəd ödənişlərdə və institusional əməliyyatlarda əsas rol oynayır. Böyük maliyyə qurumları və ödəniş sistemləri də stablecoin ödənişlərini sistemlərinə inteqrasiya edir.
Ekspert hesab edir ki, kriptovalyutanın ölkədə istifadəsi genişləndikcə manatın rəqəmsal versiyasının olması qaçılmazdır. Dünya təcrübəsində stablecoin-ləri əsasən özəl şirkətlər yaradır, lakin Azərbaycanda rəqəmsal manatın Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılması daha təhlükəsiz və nəzarətli model olacaq.
Nəticədə, kriptovalyutalar, stablecoin-lər və tokenləşdirmə qlobal maliyyə sisteminin ayrılmaz hissəsinə çevrilir. Azərbaycanda bu sahədə düzgün hüquqi baza və strateji yanaşma həm yeni imkanlar açacaq, həm də ölkənin iqtisadi rəqabət qabiliyyətini artıracaq. Doğru addımlar Azərbaycanı regionda rəqəmsal maliyyə mərkəzinə çevirə və investisiya axınını sürətləndirə bilər.
Mənbə: Report.az







