“Renault” 5 milyard avro cəlb edib

Fransa mərkəzli avtomobil istehsalçısı “Renault” koronavirus pandemiyasının mənfi təsirlərini yüngülləşdirmək və likvidlik ehtiyatlarını artırmaq məqsədilə dövlət dəstəkli 5 milyard avro (5.47 milyard dollar)  həcmində kredit ayrılması ilə bağlı banklarla razılığa gəlib. Şirkət cəlb etdiyi 5 milyard avroluq krediti aylıq olaraq itirdiyi 600 milyon avroluq maliyyə vəsaitini bərpa etmək məqsədilə istifadə edəcək.

Məlumat üçün qeyd edək ki, şirkətin likvidlik ehtiyatları ilin əvvəlindən mart ayının sonuna doğru 15.8 milyard avrodan 10.3 milyard avroya geriləyib. Bunun isə, 3.5 milyard avrosu daha əvvəldən cəlb etdiyi kredit xətti hesabınadır. Şirkətin birinci rüb üzrə gəlirləri isə 19% azalaraq 10.13 milyard avroya geriləyib.

Artıq bir aydır ki, davam edən danışıqlar nəticəsində kredit ayrılması üçün müsbət cavab alan “Renault” şirkətindən əvvəl “Air France” aviaşirkətinə də dövlət dəstəkli kredit xətti ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır