Home » Şəmkirdə zona müşavirəsi keçirilib

Şəmkirdə zona müşavirəsi keçirilib

by anar
0 rəy 4 baxış 2 dəqiqə oxuma

Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanlarının birgə fəaliyyəti genişləndirilir. Torpaq və əmlak idarəçiliyinə həsr edilən növbəti zona müşavirəsi də qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə istiqamətlənib.

 

Bəzən torpaqların təyinatına uyğun istifadə edilməməsi, torpaq sahələrinin ayrılmasında nöqsanlara yol verilməsi hallarına rast gəlinir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti belə halların qarşısının alınması, torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi üçün inzibati tədbirlərlə yanaşı, maarifləndirici işlər də həyata keçirir. Belə ki, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, digər hüquqi və fiziki şəxslər qanunvericiliyin tələbləri, həmçinin tətbiq edilən yeniliklər barədə məlumatlandırılır.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Əmlak Məsələləri Dövlət Xidməti və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkirdə torpaq və əmlak idarəçiliyinə həsr olunan zona müşavirəsi keçirilib. Müşavirədə Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin nümayəndələri iştirak ediblər. Tədbirdə torpaqların və dövlət əmlakının idarə edilməsi, istifadəsi və mühafizəsinə nəzarət olunması, bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri və digər məsələlər, elektron baza xəritələrinin işlənməsi barədə məlumat verilib. Bildirilib ki, Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonları üzrə ümumilikdə 389 min hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Kadastr uçotu işləri nəticəsində bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib və adıçəkilən rayonlar üzrə 157 inzibati ərazi dairəsinin xəritələri hazırlanaraq Milli Məclisə təqdim edilib.

Tədbirdə Şəmkir rayonu üzrə torpaqların elektron kadastr uçotu işləri elektron olaraq nümayiş olunub.

Ötən il və bu ilin yanvar-sentyabr ayları ərzində bu rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlərin, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız olaraq verilir və ya zəbt edilir.

Ümumilikdə, 2022-ci il və 2023-cü ilin 9 ayı ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin adıçəkilən rayonlarda monitorinqləri zamanı torpaq qanunvericiliyinin pozulması ilə bağlı 400-ə yaxın bu cür hallar aşkar edilərək sənədləşdirilib. Bu dövrdə torpaq qanunvericiliyinin pozulması hallarına dair müvafiq torpaq istifadəçiləri barədə 152 inzibati protokol tərtib edilib, 75 min manata yaxın cərimə tətbiq olunub. Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsi, ciddi tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, torpaqlardan istifadə edilməsi və mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə və izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, media nümayəndələrinin və bələdiyyələrin iştirakının gücləndirilməsi vacibdir.

Çıxış edən rayon icra hakimiyyəti və digər dövlət orqanlarının nümayəndələri, bələdiyyə sədrləri torpaq və əmlak idarəçiliyi sahəsində qarşılaşdıqları məsələlərdən bəhs ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.