İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (ƏVBİ) əhatə dairəsində istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə Gəncə şəhərində görüşüb.
Görüşdə vergi ombudsmanının fəaliyyəti və strukturu barədə sahibkarlara məlumat verilib, iş adamlarının hansı hallarda bu xidmətə müraciət etməli olduğuna aydınlıq gətirilib. Arif Quliyev Vergi ombudsmanı xidməti baş idarəsinin yaradılmasında əsas hədəfin vergi ödəyicilərinin hüquqların qorunması üçün preventiv tədbirlərin görülməsi olduğunu bildirib və bu sahədə səmərəliliyin artırılması üçün həyata keçirilən tədbirlər barədə danışıb.
Qeyd olunub ki, görüşün keçirilməsində əsas məqsəd sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklərin öyrənilməsi, onların təkliflərinin dinlənilməsi, o cümlədən vergi xidmətlərinin təkmilləşdirilməsi baxımından aktual məsələlərin müəyyənləşdirilməsidir. Vergi ödəyicilərinin hüquqlarının pozulmaması, pozulan hüquqların bərpası məqsədilə təhlillərin aparılması, iş proseslərinin keyfiyyətinin monitorinqinin həyata keçirilməsi, müvafiq təklif və tövsiyələrin hazırlanması, şikayətlərin yaranma səbəblərinin araşdırılaraq qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi əsas məqsədlərdəndir.
Görüşdə yerli sahibkarlar vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təkliflərini səsləndiriblər. Təkliflər ətrafında geniş müzakirə aparılıb.
Xatırladaq ki, Vergi ombudsmanı vergi ödəyicilərinin hüquqlarını qorumaq məqsədi ilə 2019-cu ildə təyin olunub. 2024-cü ilin aprelindən isə DVX-nin tərkibində Vergi ombudsmanı xidməti baş idarəsi yaradılıb.