
2026-cı ildə dövlət büdcəsinin 57%-i, icmal büdcənin isə 63%-i qeyri-neft gəlirləri hesabına formalaşacaq.
Bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, bu artımı vergilərin artırılması ilə əlaqələndirmək düzgün yanaşma deyil:
“Artımın əsas mənbəyi qeyri-neft ÜDM-in öz artımıdır. Gələn il qeyri-neft ÜDM-nin nominal olaraq təxminən 10%, real olaraq isə 5% artımı proqnozlaşdırılır. Vergilər nominal göstəricilərdən tutulur. ÜDM artdığı üçün gəlirlər də artır. Cari ildə qeyri-neft vergilərinin ÜDM-ə nisbəti 12,9% olduğu halda, gələn il bu göstəricinin 13,1%-ə yüksələcəyi gözlənilir. Bu, cəmi 0,2 faiz fərqdir və ciddi vergi artımından danışmaq olmaz”.
Sahil Babayev həmçinin bildirib ki, təqdim edilən yeni vergi paketi çərçivəsində bir sıra güzəştlər nəzərdə tutulur:
“Yerli istehsal və kənd təsərrüfatı ilə bağlı geniş güzəştlər təklif olunur. Naxçıvana dair güzəştlər saxlanılır, sadələşdirilmiş vergi limiti 200 mindən 400 minə qaldırılır, nağdsız əməliyyatlarla bağlı stimullaşdırıcı güzəştlər də paketin tərkib hissəsidir”.
Nazir əlavə edib ki, ən çox müzakirə olunan məsələ muzdlu gəlirlərə tətbiq edilən gəlir vergisi ilə bağlıdır:
“Əmək bazarının böyük hissəsini təşkil edən, yəni 2 500 manata qədər gəlir əldə edən şəxslər üçün gəlir vergisi 3% olacaq. Bu, hökumət tərəfindən irəli sürülən mühüm güzəştdir. Əgər bu dəyişiklik edilməsəydi, 2026-cı ilin yanvarından həmin gəlirlərə 14% vergi tətbiq olunacaqdı. Buna görə də iqtisadiyyat üzərində vergi yükünün artdığını düşünmürük”.





