
Yaponiyanın SBI Shinsei Bank səhmləri Tokio birjasında ticarətə başladığı ilk gündə 11%-dək yüksəlib. Bank IPO zamanı 322 milyard yen vəsait cəlb edərək ölkədə bu il üzrə ikinci ən böyük ilkin səhm təklifini həyata keçirib.
BBN.az xəbər verir ki, səhmlər 1 450 yen qiyməti ilə, sifariş aralığının yuxarı həddindən satışa çıxarılıb və ticarət zamanı 1 614 yenə qədər yüksəlib. IPO nəticəsində bankın bazar kapitallaşması 1,3 trilyon yen təşkil edib.
IPO-da Norinchukin Bank, KKR, eləcə də Qatar İnvestisiya Fondu, BlackRock və M&G Investment Management kimi qlobal investorlar iştirak edib. Bankın listinqi Yaponiyada IPO bazarının ümumi həcmini son yeddi ilin ən yüksək səviyyəsinə – 1,3 trilyon yenə çatdırıb.
SBI Shinsei Bank-ın tarixi 1998-ci ildə milliləşdirilən Long-Term Credit Bank of Japan-a gedib çıxır. Bank sonradan özəlləşdirilib və 2004-cü ildə yenidən birjaya çıxarılıb. 2025-ci ilin əvvəlinə qədər dövlət dəstəyini tam geri qaytarmayan yeganə iri Yapon bankı olub.
Bununla yanaşı, bankın yenidən listinqi hüquqi riskləri də gündəmə gətirib. Citadel də daxil olmaqla bir sıra hedc fondları SBI Holdings-in əvvəlki alqı-satqı qiymətinin ədalətsiz olduğunu iddia edərək məhkəməyə müraciət ediblər.







