
İcbari Sığorta Bürosuna (İSB) sığorta şirkətlərindən daxil olan sorğuların sayı 97% azalıb.
BBN.az xəbər verir ki, bu barədə İSB-nin Biznesin İnkişafı Departamentinin direktoru Xanım Camalova bildirib.
Onun sözlərinə görə, Büro üzvü olmayan sığortaçılar üçün könüllü sığorta müqavilələri üzrə “Forma 4” məlumatlarının elektron qaydada sorğulanmasını təmin edən layihə artıq tam başa çatdırılıb. Nəticədə sığorta şirkətlərinin bu tip məlumatlar üçün Büroya müraciət etməsinə ehtiyac aradan qalxıb və məlumatların birbaşa elektron şəkildə əldə edilməsi imkanı yaradılıb.
Xanım Camalova qeyd edib ki, həyata keçirilən yeniliklər nəticəsində Büroya daxil olan sorğuların sayı aylıq təxminən 600-dən 15–20-yə qədər azalıb ki, bu da təxminən 97% azalma deməkdir.
Departament direktoru əlavə edib ki, əsas məqsəd icbari sığorta növləri üzrə müqavilə və iddiaların idarə olunması üçün effektiv və səmərəli İT platforması formalaşdırmaq, eyni zamanda könüllü və icbari sığorta sahəsində vahid məlumat (data) mərkəzinə çevrilməkdir.





