Dünyanın ən böyük silikon çip istehsalçısı olan “Taiwan Semiconductor Manufacturing Co” (TSMC) ABŞ-ın Arizona ştatında çip zavodu inşa edəcəyini açıqlayıb. Şirkət çip zavodu layihəsinin xərclərinin ümumilikdə 12 milyardı aşacağını bildirib.
Yeni zavodda ilkin olaraq, dünyanın ən incə, ən sürətli və ən səmərəli çiplərindən olan 5 nanometrli tranzistorlara sahib çiplərin istehsalı həyata keçiriləcək. Zavodun ilkin istehsal həcmi aylıq 20 min çip olaraq hesablanıb.
Zavodun tikinti mərhələsinin növbəti ilin əvvəlində başlanması planlaşdırılır. 2024-cü ildə isə istehsalın başlanması gözlənilir. Zavodun ABŞ iqtisadiyyatına uzunmüddətli dövr üçün 1600-dən çox yeni iş yeri gətirməsi layihənin təsdiqlənməsi prosesini sürətləndirib.
Yeni layihənin açıqlanması ilə TSMC səhm dəyəri 1.71% bahalaşaraq 298 Tayvan dolları (9.95 ABŞ dolları) səviyyəsinə yüksəlib. Məlumat üçün qeyd edək ki, silikon çip bazarının yarısından çoxunu əlində cəmləşdirən şirkət “Apple” və “Huawei” kimi brendlər ilə tərəfdaşlıq edir.