Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 noyabr 2021-ci ildə dövriyyəyə buraxdığı 100 milyon ABŞ dolları həcmində istiqrazlar üzrə sayca 19-cu faiz ödənişini həyata keçirib.
Bu barədə SOCAR-ın törəmə şirkəti “SOCAR Capital” MMC məlumat yayıb.
Məlumata görə, nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqraz 5 il müddətinə və illik 4,5 % gəlirliliklə tədavülə buraxılıb. İstiqrazlar üzrə faiz ödənişləri rüblük həyata keçirilir və hər ödəniş dövründə investorlara ümumilikdə 1,125 milyon ABŞ dolları ödənilir.
Bu gün həyata keçirilən növbəti ödənişlə istiqraz sahiblərinin indiyədək əldə etdiyi ümumi faiz gəliri 21,375 milyon ABŞ dollarına çatıb. İstiqrazların tədavül müddətinin sonunda isə bu məbləğin 22,5 milyon ABŞ dolları olacağı gözlənilir.
Qeyd olunub ki, indiyədək SOCAR-ın yeni istiqrazları üzrə ümumi dəyəri 132,2 milyon ABŞ dolları olan təxminən 1 784 təkrar bazar əməliyyatı həyata keçirilib. Hazırda bu istiqrazlar “Bakı Fond Birjası” QSC-də ən çox ticarət olunan korporativ qiymətli kağızlar hesab olunur.
Məlumata əsasən, SOCAR istiqraz emissiyasına başladığı 2016-cı ildən bu günədək vətəndaşlara və investorlara ümumilikdə 61,375 milyon ABŞ dolları faiz ödəyib.
İstiqrazları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən xüsusi köşklərdən, həmçinin Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri vasitəsilə əldə etmək mümkündür.