
SOCAR ilə BP arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb.
Sazişə əsasən, tərəflər müxtəlif dövrlərdə toplanmış mövcud seysmik məlumatların uyğunlaşdırılması və birləşdirilməsi yolu ilə regional psevdo-3D seysmik həcm yaradacaqlar. Layihədə innovativ texnologiyalar tətbiq olunacaq və bu, Xəzər dənizinin Azərbaycan sektorunda bu növdə həyata keçirilən ilk təşəbbüs olacaq.
Yaradılacaq psevdo-3D seysmik model:
-
Ayrı-ayrı 2D seysmik xətlərdən asılılığı azaldacaq,
-
Regional geoloji interpretasiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq,
-
Hövzə miqyasında 3D xəritələşdirməyə imkan verəcək,
-
Kəşfiyyat risklərinin azaldılmasına və perspektivlərin daha dəqiq qiymətləndirilməsinə şərait yaradacaq.
Əməkdaşlıq çərçivəsində:
-
SOCAR bp-yə 2D seysmik xətlər, quyu məlumatları və geoloji nümunələr təqdim edəcək;
-
BP isə seysmik məlumatların emalını və nümunələrin laborator analizini həyata keçirəcək;
-
Psevdo-3D məlumatlar qabaqcıl texniki imkanlara malik podratçı tərəfindən təmin ediləcək.
Layihə Xəzər hövzəsində gələcək kəşfiyyat proqramlarının daha effektiv planlaşdırılmasına və resurs potensialının dəqiqləşdirilməsinə xidmət edəcək.





