
2023-cü ilin dekabr ayında Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi müstəqillik dövründə ilk dəfə ölkənin bütün ərazilərində səsvermənin təşkil olunması ilə tarixə düşüb. BBN.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Bakıvaxtı.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, sözügedən seçkilər eyni zamanda Azərbaycan tarixinə “zəfər seçkisi” kimi daxil olub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin 22 illik rəhbərliyi dövrü Azərbaycan iqtisadiyyatı üçün sürətli artım, inklüziv və balanslı inkişaf mərhələsi kimi xarakterizə olunur.
Vüqar Bayramov vurğulayıb ki, son 22 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb:
“Bu dövrdə icmal büdcənin gəlirləri 15 dəfə, xərcləri isə 18 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 30 dəfə yüksəlib. Strateji valyuta ehtiyatları isə 2 milyard ABŞ dollarından 80 milyard ABŞ dollarına çatıb”.
Deputat əlavə edib ki, əldə olunan bu nəticələr yeni mərhələdə iqtisadi islahatların dərinləşdirilməsi ilə daha da möhkəmlənir.
Onun sözlərinə görə, sözügedən dövr Azərbaycanın xarici siyasətdə də mühüm uğurlarla yadda qalıb:
“Türk dünyası və Şərq ölkələri ilə əlaqələrini gücləndirən Azərbaycan üçün ABŞ da daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın daha da dərinləşdirilməsi prioritet istiqamətlərdəndir. Çoxvektorlu xarici siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da möhkəmləndirir”.







