
Sosial Xidmətlər Agentliyi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən yeni rəqəmsal həll olan Sosial Xidmət Xəritəsi hazırlanaraq istifadəyə verilib.
BBN.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sosial Xidmət Xəritəsi ölkə üzrə sosial xidmətləri vahid rəqəmsal platformada birləşdirir və həmin xidmətlərin coğrafi yerləşməsini interaktiv xəritə üzərindən vizual şəkildə təqdim edir.
İstifadəçilər xəritə vasitəsilə xidmət növləri üzrə axtarış aparmaq, yaşadıqları əraziyə ən yaxın sosial xidmət müəssisə və mərkəzləri, icra olunan sosial layihələr, eləcə də inklüziv və mədəni tədbirlər barədə ətraflı məlumat əldə etmək və birbaşa müraciət etmək imkanına malikdirlər.
Sosial Xidmət Xəritəsinin təqdim etdiyi imkanlardan yararlanmaq istəyən şəxslər “e-Sosial” portalına (https://socialmap.e-social.gov.az/) daxil olaraq maraqlandıqları istiqamət üzrə — sosial xidmətlərin yerləşməsi, göstərilən xidmət növləri, hədəf qrupları, xidmətə çıxış və müraciət imkanları və s. — seçim edə bilərlər.
Qeyd edilib ki, elektron platforma sosial xidmətlərə ehtiyacı olan həssas əhali qrupları üçün vaxt itkisinin və əlavə müraciət prosedurlarının minimuma endirilməsinə xidmət edəcək.
Növbəti mərhələdə Sosial Xidmət Xəritəsinin funksional imkanlarının genişləndirilməsi, yeni xidmət istiqamətlərinin əlavə olunması və aidiyyəti qurumlarla inteqrasiyanın artırılması nəzərdə tutulur.







