
Beynəlxalq analitik təşkilat S&P Global Energy dünya üzrə 10 dövlət neft şirkətini, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) yenilənmiş müqayisəli fəaliyyət təhlilinə daxil edib.
Əvvəllər bu analitik alət dünya üzrə 25 milli neft şirkətini əhatə edirdi.
Məlumata görə, müqayisəli təhlil milli neft şirkətlərinin necə fəaliyyət göstərdiyini, idarə olunduğunu və öz inkişafına, eləcə də ölkələrinin iqtisadi və sosial sahəsinə necə töhfə verdiyini daha dərindən anlamağa imkan verir. Eyni zamanda, neft sənayesinin yanacaq-energetika sektorundakı rolu da qiymətləndirilir.
SOCAR-la yanaşı, yenilənmiş siyahıya Türkiyənin TPAO şirkəti, Liviya Milli Neft Şirkəti, Misir Neft Şirkəti və BƏƏ-nin Mubadala Energy şirkəti də daxil edilib.
Araşdırma çərçivəsində dövlət neft şirkətləri ilə hökumətlər arasındakı münasibətlər, o cümlədən vergi ödənişləri və dividendlərlə bağlı məsələlər dərin təhlil olunacaq. Təhlilin hər altı aydan bir mütəmadi olaraq aparılması planlaşdırılır. Bundan əlavə, dövlət neft şirkətlərinin fəaliyyətinin diversifikasiyası potensialı, dekarbonizasiya prosesləri və əməliyyat səmərəliliyi göstəriciləri də qiymətləndiriləcək.
Qeyd olunur ki, müqayisəli təhlil praktiki əhəmiyyət daşıyır. Bu yanaşma şirkətlərin fəaliyyətində problemli sahələrin müəyyənləşdirilməsinə, qeyri-effektiv proseslərin yenidən təşkili üçün əsasın formalaşdırılmasına, eləcə də idarəetmənin keyfiyyətinin artırılması, xərclərin azaldılması və səmərəliliyin yüksəldilməsi istiqamətində qabaqcıl təcrübələrin tətbiqinə şərait yaradır.
Kəmiyyət göstəriciləri sırasında istehsal olunan məhsulun maya dəyəri, məhsuldarlıq və keyfiyyət indikatorları, həmçinin bu göstəricilərin dünya neft sənayesində fəaliyyət göstərən digər şirkətlərlə müqayisəsi yer alır.
Xatırladaq ki, SOCAR həm Azərbaycanda, həm də xaricdə neft və qaz hasilatı həyata keçirir, Bakıda və Türkiyədə neft emalı zavodlarına, Sumqayıt və Türkiyədə neft-kimya müəssisələrinə malikdir. Şirkət, həmçinin SOCAR Trading vasitəsilə qlobal bazarlarda ticarət əməliyyatları aparır.





