Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihələri – Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksində yerləşən güzəştli mənzillərin satışına hazırlıq işləri çərçivəsində, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun, agent bankların və qiymətləndirici şirkətlərin nümayəndələri ilə komplekslərin ərazisində görüş təşkil olunmuş və 06 dekabr 2024-cü il tarixində satışa çıxarılacaq güzəştli mənzillər nümayiş etdirilmişdir. Satışa hər iki kompleks üzrə ümumilikdə 544 mənzil çıxarılır.
Layihələr haqqında ətraflı məlumat verən Agentliyin nümayəndələri bildirdilər ki, Sumqayıt Yaşayış kompleksi 11 binadan ibarətdir. Bu binalarda ümumilikdə 461 mənzil var. Yaşayış binaları ilə yanaşı ərazidə istirahət guşələri, uşaq oyun meydançaları, 80 yerlik bir uşaq bağçası inşa edilmişdir. Lənkəran Yaşayış Kompleksi isə 5 binadan ibarətdir. Bu binalarda ümumilikdə 240 mənzil var. Kompleksin ərazisində sakinlər üçün istirahət guşələri yaradılmış, uşaq oyun meydançaları istifadəyə verilmişdir.