Home » Süni İntellekt bank sektorunda yeni mərhələ yaradır: İnformasiya texnologiyalarının müasirləşməsi və təhlükəsizliyin yeni modeli

Süni İntellekt bank sektorunda yeni mərhələ yaradır: İnformasiya texnologiyalarının müasirləşməsi və təhlükəsizliyin yeni modeli

by Aytac
0 comments 54 views 4 minutes read

Azərbaycan Banklar Assosiasiyasının (ABA) İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi ekspert qrupunun sədr müavini İlqar Məmmədov:
“Bankların rəqəmsal transformasiyası uğurlu olmaq üçün düzgün strategiya, məlumat infrastrukturu və insan kapitalına əsaslanmalıdır.”

Rəqəmsal transformasiya dövründə bank sektorunda informasiya texnologiyalarının rolu daha da artmaqdadır. Artıq yerli banklar əməliyyat sistemlərinin çevikliyini, müştəri xidmətlərinin keyfiyyətini və təhlükəsizlik səviyyəsini Süni İntellekt (Sİ) texnologiyaları vasitəsilə yüksəltməyə çalışırlar. Bu prosesdə həm qlobal tendensiyalara adaptasiya, həm də milli tənzimləmə çərçivələrinin qorunması xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi ekspert qrupunun sədr müavini İlqar Məmmədovla müsahibəmizdə bankların rəqəmsal inkişafında qarşılaşılan əsas problemlər, Süni İntellektin praktiki tətbiq imkanları və gələcəkdə sektorun texnoloji prioritetləri barədə danışdıq.

BBN.az- Yerli banklarda informasiya texnologiyaları sistemlərinin tətbiqi və idarə olunmasında əsas problemlər hansılardır? Süni İntellekt bu sahədə necə dəstək ola bilər?

İlqar Məmmədov:
Bir neçə əsas problem mövcuddur. Qlobal trendlərin çox sürətlə inkişaf etməsi insan resurslarından asılılığı artırır. Eyni zamanda, müxtəlif istiqamətlər üzrə tələblər tez-tez dəyişir və təşkilatlar bu dəyişikliklərə çevik şəkildə reaksiya verməlidirlər. Süni İntellekt bu keçid dövrünü daha dayanıqlı etməkdə mühüm rol oynaya bilər — xüsusilə proseslərin avtomatlaşdırılması, qərarların optimallaşdırılması və əməliyyat xərclərinin azaldılması istiqamətlərində.

BBN.az – Bank əməliyyat sistemlərinin təhlükəsizliyi üçün informasiya təhlükəsizliyi tədbirləri necə təşkil olunur və Süni İntellekt bu tədbirlərin effektivliyini necə artırır?

İlqar Məmmədov:
İstənilən maliyyə qurumu öz informasiya təhlükəsizliyi sistemini bir neçə əsas prinsip üzərində formalaşdırır. Bunlara dövlət tənzimləyicisinin tələbləri, beynəlxalq bazarın qəbul etdiyi praktika və standartlar (NIST, PCI DSS, ISO) və fəaliyyət göstərdiyi regionun xüsusiyyətləri daxildir. Süni İntellekt bu istiqamətdə proaktiv müşahidə, daha dərin analitika və fərqli hücum vektorlarının müəyyənləşdirilməsi baxımından ciddi dəstək göstərə bilər.

BBN.az- Rəqəmsal texnologiyalar bank sistemində hansı yenilikləri gətirib və Süni İntellektin bu prosesdə rolu nədir?

İlqar Məmmədov:
Son illərin tendensiyaları göstərir ki, rəqəmsal texnologiyalar bankçılıq mədəniyyətini tamamilə dəyişib. Əvvəllər bank xidmətləri əsasən filiallar və fiziki təmas üzərindən qurulurdusa, bu gün bir çox uğurlu banklar tamamilə onlayn fəaliyyət göstərirlər. Süni İntellekt sayəsində bu inkişaf daha da sürətlənib və istifadəçilər üçün xeyli rahatlaşıb. Məsələn, müştəri əlaqə mərkəzlərində artıq bir çox məsələləri telefon zəngi etmədən chatbot vasitəsilə həll etmək mümkündür. Gələcəkdə isə əməliyyatların da süni intellekt vasitəsilə icra olunması real görünür.

BBN.az – Yerli və xarici İT şirkətlərlə əməkdaşlıq zamanı Süni İntellektlə bağlı hansı innovativ layihələr həyata keçirilir və əsas çətinliklər nələrdir?

İlqar Məmmədov:
Hazırda bazarda Süni İntellektlə bağlı əməkdaşlıqlar əsasən müştəri sorğularının cavablandırılması, məlumatların analizi və nəticələrin düzgün məhsul istiqamətlərinin inkişafına yönəldilməsi məqsədi daşıyır. Əsas çətinliklərdən biri bir çox qabaqcıl Süni İntellekt platformalarının bulud texnologiyaları üzərindən təqdim edilməsidir. Bu səbəbdən, məlumat rezidentliyi və təhlükəsizlik tələblərinə görə çox vaxt Azərbaycan ərazisində fəaliyyət göstərən provayderlərə üstünlük verilir.

BBN.az – Bank əməliyyatlarının optimallaşdırılması və sürətləndirilməsi üçün Süni İntellektdən necə istifadə olunur? Uğurlu nümunələr hansılardır?

İlqar Məmmədov:
Dünya təcrübəsində müxtəlif nümunələr mövcuddur. Ən uğurlu tətbiqlərdən biri müştəri sorğularının idarə edilməsi sahəsidir. Bu, həm əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, həm də müştərilərə daha operativ və keyfiyyətli xidmət göstərilməsinə şərait yaradır.


BBN.az -Bankların informasiya texnologiyaları sahəsində beynəlxalq standartlara uyğunluğu nə dərəcədə təmin olunur və Süni İntellekt bu standartların formalaşmasında hansı rolu oynaya bilər?

İlqar Məmmədov:
Beynəlxalq standartlar adətən Mərkəzi Bankın tələblərində öz əksini tapır və bu tələblər banklar tərəfindən planlı şəkildə həyata keçirilir. Hazırda bazarda Süni İntellektlə bağlı bir neçə iri dövlət layihəsinin həyata keçirildiyini nəzərə alsaq, yaxın gələcəkdə bu sahədə standartların daha da genişlənəcəyini gözləmək olar.

BBN.az – Süni İntellekt bank sektorunda müştəri xidməti, risk idarəetməsi və fırıldaqçılıqla mübarizədə necə tətbiq edilir? Yerli bankların vəziyyəti necədir?

İlqar Məmmədov:
Hazırda tətbiqlər əsasən müştəri xidməti istiqamətində formalaşır. Qeyd etdiyim kimi, daha ixtisaslaşmış məhsulların istifadəsi onların bulud infrastrukturlarında yerləşməsi səbəbindən hələ geniş yayılmayıb. Risk idarəetməsi və fırıldaqçılıqla mübarizə sahəsində isə artıq oturuşmuş məhsullar mövcuddur və aktiv şəkildə istifadə edilir.

BBN.az – Süni İntellektin bankların rəqəmsal transformasiyasında rolu nədir və bu transformasiyanın uğurlu olması üçün hansı əsas faktorlar nəzərə alınmalıdır?

İlqar Məmmədov:
Süni İntellekt rəqəmsal transformasiyanın əsas aparıcı qüvvələrindən birinə çevrilir. Onun sayəsində banklar daha geniş məhsul çeşidi yarada və bu məhsulları fərqli müştəri seqmentləri üçün daha əlçatan edə bilərlər. Uğurlu transformasiya üçün əsas amillər arasında düzgün strategiyanın qurulması, məlumat infrastrukturunun formalaşdırılması və uyğun kadr potensialının inkişaf etdirilməsi xüsusi önəm daşıyır.

BBN.az – Yerli banklarda Süni İntellektin inkişafı üçün hansı təlim, tədqiqat və resurslar mövcuddur? Xarici ölkələrin qabaqcıl təcrübələrindən nələri tətbiq etmək faydalı olardı?

İlqar Məmmədov:
Bu istiqamət çox sürətlə dəyişdiyindən, hazırda bir çox təlim və tədqiqat proqramları məhz həmin məhsulları yaradan beynəlxalq şirkətlər tərəfindən formalaşdırılır. Yerli və xarici bazar bu texnologiyaların düzgün istifadəsi və etik çərçivələrinin müəyyənləşdirilməsi mərhələsindədir. Qabaqcıl ölkələrin təcrübəsindən “Responsible AI”, model risk idarəetməsi və məlumat məxfiliyi kimi yanaşmaların tətbiqi xüsusilə faydalı olardı.

BBN.az – Bankların İT infrastrukturu və əməliyyat sistemlərinin müasirləşdirilməsində Süni İntellekt və digər rəqəmsal texnologiyaların inteqrasiyası üçün prioritet sahələr hansılardır?

İlqar Məmmədov:
Hazırkı vəziyyətdə, Süni İntellekt üzrə yaradılmış məhsulların müxtəlifliyini nəzərə alaraq, əsas fokus informasiya təhlükəsizliyi və əməliyyatların sabitliyinin artırılması istiqamətində formalaşır. Bununla yanaşı, müşahidə və analitika sistemlərində Süni İntellektin rolu getdikcə daha çox ön plana çıxır.

BBN.az – Süni İntellektin tətbiqində etik, hüquqi və informasiya təhlükəsizliyi ilə bağlı hansı məsələlər xüsusi diqqət tələb edir?

İlqar Məmmədov:
Əsas məsələlərdən biri məlumatların saxlanılması və üçüncü tərəflərlə paylaşılması qaydalarıdır. Hazırda, xüsusilə xarici bazarlarda, bu istiqamətdə xüsusi normalar və standartlar formalaşmaqdadır. Eyni zamanda, Süni İntellekt sistemlərində yaranan səhvlərin qiymətləndirilməsi və məsuliyyətin bölüşdürülməsi məsələləri ətrafında da geniş müzakirələr aparılır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.