
ABŞ Konqresində bir qrup senator Rusiyaya və Çinə qabaqcıl süni intellekt çiplərinin ixracının tam qadağan edilməsini nəzərdə tutan yeni qanun layihəsi təqdim edib.
BBN.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, təşəbbüs respublikaçı senator Pit Riketts və demokrat senator Kris Kunz tərəfindən dəstəklənir. Sənəd ABŞ-ın süni intellekt yarışında liderliyini qorumağı hədəfləyir və rəqib ölkələrin yüksək hesablama gücünə malik çiplərə çıxışını məhdudlaşdırmağı vacib sayır.
Təklif edilən “2025-ci il TƏHLÜKƏSİZ Aktı” Ticarət Nazirliyindən ən azı 30 ay müddətinə Rusiya, Çin, İran, Şimali Koreya, eləcə də Honq-Konq və Makaoya qabaqcıl çiplərin ixrac lisenziyalarının verilməsindən imtina etməyi tələb edir. Senatorların fikrincə, bu ölkələr ABŞ-ın texnoloji üstünlüyü üçün əsas təhlükə yaradır.
Qeyd edək ki, ABŞ son illər yüksək texnoloji məhsulların ixracına nəzarəti sərtləşdirir və süni intellekt sahəsində geosiyasi rəqabət daha da kəskinləşir.





