Səudiyyə Ərəbistanı Milli Satınalma Şirkəti (NUPCO) və Pekin Genomika İnstitutu koronavirus pandemiyasının qarşısının alınması məqsədilə tərəfdaşlıq müqaviləsi imzalayıblar. Şirkətin rəhbəri Al-Rabeeah və Çinin Səudiyyə Ərəbistanındakı səfiri Chen Weiqing arasında imzalanan bu müqavilənin dəyəri 265 milyon dollardan artıqdır.
Razılaşmaya əsasən, Çin Xalq Respublikası Səudiyyə Ərəbistanı ərazisində 6 test laborotoriyasının qurulmasını təşkil edəcək və ölkəyə həkimlərinin treninq və təlimatlandırılmasını həyata keçirmək üçün 500 mütəxəssis göndərəcək. Bununla yanaşı, Səudiyyə Ərəbistanının 9 milyon ədəd koronavirus test dəsti ilə təmin edilməsi də tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək.
Bu müqavilə nəticəsində Səudiyyə Ərəbistanı gündəlik 60 min test həyata keçirməklə əhalisinin 40%-dən çoxunu (14.5 milyon nəfər) test edə biləcək. Bu isə koronavirus pandemiyası ilə mübarizədə ölkəyə xeyli köməklik edəcək. Ölkədə hal-hazırda 17 min 522 nəfər koronavirusa yoluxub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Çin ilə yanaşı, Birləşmiş Krallıq, İsveçrə və Cənubi Koreyadan da test dəstlərinin idxalını həyata keçirir.