Home » Tənzimləyici test rejimi (“Regulatory Sandbox”): innovativ yanaşma

Tənzimləyici test rejimi (“Regulatory Sandbox”): innovativ yanaşma

by bbnadm
0 rəy 23 baxış 7 dəqiqə oxuma

Tənzimləyici test rejiminin mahiyyəti, onun tətbiqinə olan ehtiyac və onun potensial faydaları (IFC) “Azərbaycan və Orta Asiyada Elektron və Rəqəmsal Maliyyə Xidmətləri” layihəsinin Azərbaycan üzrə rəhbəri Teymur Heybətovla söhbətimizin əsas mövzusunu təşkil edir.

Teymur bəy, tənzimləyici test rejimi barədə oxucularımıza məlumat verməyinizi xahiş edərdik.

Biz hal-hazırda yüz illərlə böyük dəyişikliyə məruz qalmayan pərakəndə maliyyə xidmətlərinin real transformasiyasını müşahidə edirik. Banklar indi böyük təzyiq altındadırlar: qayda, standart və xüsusi tələblərin sayı durmadan artır. Belə mühit bir qayda olaraq innovasiyaları boğur. Lakin bankların sürətli dəyişikliklərə çevik istiqamətlənmədiyi bir dövrdə istehlakçılar və onların vərdişləri dəyişməkdə davam edir. Bu gün istehlakçılar sürətli, asan istifadə olunan və təhlükəsiz xidmətlərdə maraqlıdırlar.

Hal-hazırda innovasiyaların sürətli inkişafının qabağını ala biləcək müəyyən maneələr mövcuddur və bu maneələrin aradan qaldırılması maliyyə sektoru oyunçularının, fintex şirkətlərin və nəzarət qurumunun birgə səylərini tələb edir. Tənzimləmə sahəsində son illərin ən möhtəşəm innovasiyalarindan biri məhz tənzimləyici test rejimidir.

Tənzimləyici test rejimi şəxslərə nəzarət qurumunun nəzarəti altında və məhdud mühitdə yeni yanaşmaları, həlləri və biznes modellərini sınaqdan keçirməyə imkan verən müəyyən qaydalar toplusudur. Başqa sözlərlə, şəxs təklif etdiyi innovativ  həlli nəzarət qurumunun nəzarəti altında məhdud sayda iştirakçılar üçün müəyyən müddət ərzində sınaqdan keçirir və nəzarət qurumu həmin həllin bazarda hamı tərəfindən tətbiq edilə bilməsi və ya həmin həllin bazar üçün məqbul olmaması barədə yekun nəticəyə gəlir.

Amma tənzimləyici test rejimi təkcə qaydalar toplusu deyil, həm də nəzarət qurumunun fintex erasında, yəni yeni kiçik oyunçuların sürətlə böyüdüyü bir dövrdə qarşılaşdığı müxtəlif çağırışların, o cümlədən  innovativ məhsullar üçün müvafiq qayda və tənzimləmələrin olmaması, maliyyə sabitliyi və istehlakçıların müdafiəsinə olan ehtiyacın təzahürüdür.

Tənzimləyici test rejiminə olan ehtiyac nədən irəli gəlir?

Ümumi olaraq, tənzimləyici test rejimi innovativ yanaşma, həll və modellərin bazara daxil olmasına dəstək verir və onların bazar üçün riskini müəyyənləşdirməyə imkan verir. Gəlin bu prosesə iştirakçıların gözü ilə baxaq:

  • Özəl sektor oyunçusu bazara innovativ həll təklif etmək istəyir, amma, həmin həllin tətbiqinin qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil etməməsi barədə əminliyin olmaması, həmin həllin tətbiqi xərclərinin baha olması, habelə nəzarət qurumunun bu həllə necə münasibət bəsləyəcəyini bilməməsi ona bu həllin tətbiqinə tərəddüdlə yanaşmasına səbəb olur. Başqa sözlərlə desək, burada özəl sektor oyunçusu həmin innovativ həllə bağlı nəzarət qurumuna müraciət etməsi, təqdim etməli olduğu məlumatların dairəsi, bazarda sınağın keçirilməsi və prosesin digər mərhələlərini əks etdirən qaydalar toplusunu görməkdə maraqlıdır.
  • Nəzarət qurumu bazarda yeni həllərin tətbiqində maraqlıdır, amma bu cür məhsul və xidmətlər barədə daha dərin məlumata ehtiyacı var, bu məhsul və xidmətlə bağlı riskləri daha dərindən araşdırmaq istəyir. Başqa sözlərlə desək, burada nəzarət qurumu riskə-əsaslanan yanaşmanı əks etdirən qaydalar toplusunun olmasında maraqlıdır.
  • Nəhayət, yuxarıda göstərilən qeyri-müəyyənliklər bazarda innovativ həll, yanaşma və modellərin tətbiq olunmasına maneə yaradır və son nəticədə istehlakçıların daha ucuz, daha çevik əldə edilə bilən məhsul və xidmətlərdən məhrum olmalarına səbəb olur.

Gördüyümüz kimi, tənzimləyici test rejimi oyunun qaydalarını qabaqcadan müəyyən etməklə bazara daha çox innovativ həll, yanaşma və modelin daxil olmasına şərait yaradır və istehlakçıların daha ucuz, keyfiyyətli və çevik əldə edilən məhsul və xidmətlərə əlçatanlığını təmin edir. Burada vacib bir məqamı xüsusilə qeyd etmək istərdim: hər hansı bir innovativ yanaşmanın bazar üçün faydasını müəyyən etmək üçün onu sınaqdan keçirmək lazımdır, amma bu barədə qaydalar toplusu olmadan həmin yanaşmanın müəllifi öz ideyasını sınaqdan keçirməkdə nə dərəcədə maraqlı olacaq?

Tənzimləyici test rejimi proses olaraq hansı mərhələlərdən ibarətdir?

Nəzəri olaraq, tənzimləyici test rejimini beş mərhələyə bölə bilərik: (i) müraciət; (ii) müraciətə baxılması; (iii) sınaq parametrlərinin müəyyən edilməsi; (iv) sınaq; (v) hesabat.

İlkin olaraq, innovativ həll, yanaşma və ya modelin müəllifi nəzarət qurumuna müraciət edir və müraciətdə həmin innovatizmin mahiyyətini, bazar iştirakçıları üçün gözlənilən faydanı və bazar üçün mümkün riskəri, habelə həmin risklərin təsirinin azaldılması üçün görüləcək tədbirləri təsvir edir.

İkinci mərhələdə nəzarət qurumu həmin müraciəti araşdırır, təklif edilən innovatizmin bazar üçün əhəmiyyətini qiymətləndirir, bazar üçün riskləri təhlil edir və risklərin təsirinin azaldılması üçün görüləcək tədbirlərin nə dərəcədə kifayət etməsini müəyyən edir.

Əgər müraciət müsbət qiymətləndirilirsə, üçüncü mərhələdə nəzarət qurumu və həmin şəxs (müəllif) sınaq parametrlərini ((a) sınaqdan keçiriləcək məhsul və ya xidmət, (b) əhatə ediləcək iştirakçılar (məsələn, sayı 100 nəfərdən artıq olmamaqla yalnız şəxslər arasında), (c) tranzaksiyaların maksimal sayı (məsələn, rüb ərzində min tranzaksiyadan artıq olmamaqla), (d) sınağın müddəti (məsələn, altı ay) və digər parametrləri) müəyyən edir və nəzarət qurumu ilə şəxs bu parametrləri əks etdirən müqavilə bağlayır.

Dördüncü mərhələdə şəxs həll, yanaşma və ya model bazarda sınaqdan keçirilir. Burada xüsusi olaraq qeyd etmək istərdim ki, nəzarət qurumu sınağın keçirilməsi dövründə istənilən an sınağı dayandıra bilər. Əlbəttə ki, bu hal kifayət qədər əsaslar olduqda baş verir: məsələn, bazar üçün risklərin idarə oluna bilən dairədən kənara çıxması halı bura şamil oluna bilər.

Nəhayət, sonuncu olaraq, şəxs sınağın nəticələri barədə nəzarət qurumuna hesabat verir və nəzarət qurumu sınağın nəticələrini təhlil edərək həmin həll, yanaşma və modelin bazarda gələcəyi barədə qərar qəbul edir.

Tənzimləyici test rejiminin faydaları barədə nə demək olar?

Maliyyə bazarlarında yeni ideyaların həyata keçirilməsi böyük xərclər tələb edir, çünki spesifik qaydalar maliyyə təşkilatının hər bir addımını tənzimləyr. Lakin burada yeni texnologiyanın tətbiqi ilə effektivliyin artırılması və xərclərin azaldılması üçün böyük potensial vardır.

Tənzimləyici test rejiminin faydasına aşağıdakılar misal ola bilər:

  • Bazar iştirakçıları üçün qeyri-müəyyənliyin azaldılması;
  • Yeni texnologiyalar üçün qaydaların hazırlanması;
  • Satış mərhələsinə qədər olan müddətin azaldılması;
  • İnvestisiyaların artması;
  • Uğurlu olmayan həllərin tez ləğv edilməsi;
  • Nəzarət qurumunun vəziyyəti tam nəzarətdə saxlaması.

Tənzimləyici test rejiminin tətbiq olunduğu ölkələr barədə bilmək maraqlı olardı.

Tənzimləyici test rejimi yeni yanaşmadır və tətbiqinə təxminən son beş ildə başlanılmışdır. Bu rejimi bu və ya digər formada tətbiq edən ölkələr siyahısına Böyük Britaniya, Kanada, Avstraliya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri,  Sinqapuru daxil edə bilərik.

Böyük Britaniya maliyyə bazarları üçün tənzimləyici test rejimini tətbiq etmiş ilk ölkədir. 2014-cü ilin oktyabr ayında ölkənin nəzarət qurumu olan FCA innovativ bizneslərə daima dəyişən qaydaların tələblərini başa düşmək və bazara innovativ ideyaları gətirmək üçün Layihə Təşəbbüsü yaratmışdır. FCA-nın Layihə Təşəbbüsü innovativ maliyyə bizneslərinə avtorizasiya vasitəsilə kömək etmək məqsədini daşıyır: bura sənədlərin hazırlanması, mümkün çətinliklər barədə qabaqcadan xəbərdarlıq və qeydiyyat prosesinin spesifikliyi barədə məlumatlandırma ilə bağlı dəstək daxildir. Layihə Təşəbbüsünə həmçinin İnnovasiyalar Mərkəzi (Habı) da aiddir və bu mərkəz məsləhətlərin təqdim edilməsi, FCA-nın rəsmi və qeyri-formal tövsiyələrinin çatdırılması və FCA-nın müvafiq şöbələri ilə görüşlərin təşkil edilməsində qeydə alınmış şirkətlərə kömək edir.

Sinqapur üzün müddət Asiyanın innovasiya mərkəzi olmaq uğrunda qonşu ölkələrlə mübarizə aparmışdır. 2014-cü ildə hökümət nəqliyyatdan inzibatçılığa qədər müxtəlif sahələrdə yeni texnologiyanın tətbiqini dəstəkləyən “Smart Nation” təşəbbüsünü işə salmışdır. Mövcud üstünlüyü qoruyub saxlamaq üçün Sinqapur höküməti öz tənzimləyici test rejimini qurmaq barədə düşünməyə başlamışdır. 2016-cıilin iyun ayında Sinqapurun Monitar Qurumu bu sahədə məsləhət paketi nəşr etmişdir. Əslində, Sinqapurun tənzimləyici test rejimini qurmaq məqsədləri bu sahədə Böyük Britaniyadakı oxşar layihədən elə də ciddi fərqlənmir. Sinqapurun nəzarət qurumu innovativ şirkətlərə öz məhsul və biznes modellərini real bazarda kiçik, izolyasiya edilmiş bir mühitdə test etmək imkanı yaratmaq istəyir. Burada şirkətlər hətta məhdud testlər üçün belə avtorizasiya almalıdır, amma tənzimləyici test rejimi üzrə nəzarət qurumu müəyyən şərtlərlə avtorizasiya tələblərini tələb etməyə bilər.

Biz bir çox hallarda termin kimi “tənzimləyici qum qutuları” ifadəsini də eşidirik.

Bəli, ingilis dilindən (regulatory sandbox rejime) bu formada da tərcümənin şahidi ola bilərik: qum qutuları termini əsasən informasiya texnologiyaları və ya tibb sahəsindən yaranmışdır və konkret təcrübənin bütün ətraf mühitdən təcrid olunmuş mühitdə həyata keçirilməsini ehtiva edir. Gördüyümüz kimi, hal-hazırda bu formada sınaqdan keçirmə digər ölkələrin maliyyə bazarlarında da baş verir.

Teymur bəy, müsahibəniz üçün təşəkkür edirik.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.