“22-25 aprel tarixlərində Azərbaycan bankçılıq missiyasını təmsil edən 11 bank Azərbaycan Respublikasının Mərkəzi Bankının rəhbərliyi, Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası (AmCham) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə ABŞ-yə ilk geniş tərkibdə işgüzar səfəri reallaşıb. Düşünürəm ki, ABŞ-yə geniş tərkibdə ilk işgüzar səfər çox faydalı oldu, çünki bir sıra dövlət strukturları ilə görüşmək imkanımız yaradıldı”.
BBN.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün təşkil edilən mətbuat konfransında BBN.az-ın “Ötən ay Sizin rəhbərliyiniz və ABA, AmCham-ın təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-yə geniş tərkibdə ilk işgüzar səfəri reallaşdı. ABŞ maliyyə bazarlarında və ya tənzimləyici mühitdə müşahidə etdiyiniz hansı maraqlı tendensiyaların Azərbaycan maliyyə və bankçılıq sistemində tətbiqi arzuolunandır?” sualına cavab olaraq deyib.
“ABŞ-yə işgüzar səfərin məqsədi o idi ki, Azərbaycan iqtisadiyyatı, onun inkişafı, planlarımız, xüsusilə tərəfdaş ölkəyə maliyyə və bank sektoru haqda məlumat verək və potensial əməkdaşlığımızı müzakirə edək. Növbəti ən mühüm məsələ iki ölkə arasında münasibətlərin qurulması və davamlı olaraq həmin əlaqələrin gücləndirilməsi idi.
Münasibətlərin yaradılmasında da məqsəd ABŞ-də kifayət qədər nüfuzlu maliyyə institutlarının yerləşməsi ilə bağlı idi. Həm tənzimləyici olaraq, həm də maliyyə sektorunun inkişafı nöqtəyi-nəzərdən tərəfdaşlardan təcrübələri öyrənmək istəyərdik və düşünürəm ki, qarşı tərəf də bu məsələlərdə çox açıq və dəstəkləyici idi.
Düşünürük ki, həm AMB-nin tənzimləmə sahəsində, həmçinin də maliyyə sektorunun inkişafı istiqamətində tərəfdaş ölkədən kifayət qədər təcrübə mübadiləsi ala bilərik”, – deyə o, sözlərinə əlavə edib.