Azərbaycan Mərkəzi Bankı sabit məzənnə rejimi vasitəsilə idxal olunan inflyasiyanın kəskin artmasının qarşısını almağa çalışır.
Bu barədə AMB-nin sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank inflyasiya proqnozlarını yuxarı istiqamətdə yeniləyib və aparılan təhlillər göstərir ki, inflyasiyanın əsas səbəbləri məhz təklif amilləridir.
“Təklif yönümlü təzyiqlər fonunda bizim əsas alətimiz sabit məzənnə rejimidir. Məhz məzənnə vasitəsilə idxal olunan inflyasiyanın kəskin artmasının qarşısını almağa çalışırıq və hesab edirik ki, bu yanaşma əvvəlki dövrlərdə də effektiv olub”, – deyə T.Kazımov qeyd edib.
AMB sədri bildirib ki, hazırkı inflyasiyanın strukturunda tələb amillərinin payı təxminən 20-30 % təşkil edir. Bu səbəbdən faiz dərəcələrinin kəskin artırılmasının iqtisadi aktivliyə və istehlaka mənfi təsir göstərə biləcəyini vurğulayıb.
“Biz hazırda tələb amillərinin daha da sıxılmasını düzgün hesab etmirik”, – deyə o əlavə edib.
T.Kazımov həmçinin qeyd edib ki, AMB-nin əsas məqsədi makroiqtisadi sabitliyi qorumaqdır və bu məqsədə nail olmaq üçün ən uyğun hesab edilən rejimə üstünlük verilir.
“Hazırda məzənnə rejiminin dəyişdirilməsi ilə bağlı hər hansı baxışımız və ən əsası səbəbimiz yoxdur. Buna görə də sabit məzənnə rejimini tətbiq etməyə davam edəcəyik”, – deyə AMB sədri vurğulayıb.