
“Cənub Qaz Dəhlizi” QSC (SGC) törəmə şirkətlərindən biri olan “TANAP” A.Ş.-dən 479,17 milyon ABŞ dolları həcmində dividend alıb.
Banker.az xəbər verir ki, bu, qaz kəməri operatorunun illik hesabatında əksini tapıb. “TANAP” bundan əvvəl SGC-yə dividend ayırmamışdı. Ödənilən məbləğ isə 814,59 milyon manat ekvivalentindədir.
“TANAP” layihəsində pay bölgüsü belədir: SGC – 51%, STEAŞ – 7%, BP – 12%, BOTAŞ – 30%.
SGC özü də 2025-ci ildə ilk dəfə dövlətə 396,2 milyon manat dividend ödəyəcək.
Hesabata əsasən, SGC 2024-cü ili 1,7 milyard ABŞ dolları xalis mənfəətlə başa vurub ki, bu da 2023-cü illə müqayisədə 33,9% artım deməkdir. Nəticədə, cəmiyyətin cəmi kapitalı 15,9% böyüyüb.
Qeyd edək ki, SGC Azərbaycan Respublikasının Cənub Qaz Dəhlizi layihələrindəki iştirak paylarının saxlanılması, idarə edilməsi və maliyyələşdirilməsi məqsədilə yaradılıb. Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli sərəncamı ilə təsis edilib. Onun səhmlərinin 51%-i SOCAR-a, 49%-i isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məxsusdur.




