
BBN.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) yeni sədr namizədini yaxın vaxtlarda elan edəcəyini və rəhbərlik dəyişikliyindən sonra faiz dərəcələrinin kəskin şəkildə aşağı düşəcəyini bildirib.
Tramp bu açıqlama ilə Ayova ştatının Des Moines şəhərində keçirilən mitinqdə çıxış edərkən edib. O, FED-in hazırkı rəhbərliyini tənqid edərək deyib: “Yaxşı bir FED sədri olanda – və düşünürəm ki, biz belə birini seçəcəyik – faizlərin ciddi şəkildə endiyini görəcəksiniz. Namizədi tezliklə açıqlayacağam.”
Hazırkı FED sədri Cerom Pauellin səlahiyyət müddəti may ayında başa çatır və Trampın yaxın aylarda onun yerinə namizədini təqdim edəcəyi gözlənilir.
ABŞ prezidenti daha əvvəl də dəfələrlə Pauelli faiz dərəcələrini azaltmaqda gecikməkdə ittiham edib və FED-in monetar siyasətinin iqtisadi artımı ləngitdiyini iddia edib. Tramp çıxışında Pauelli yenidən “Too Late Powell” (Gecikən Pauell) adlandırıb.
Qeyd edək ki, Trampın FED-ə təzyiqləri mərkəzi bankın müstəqilliyi ilə bağlı narahatlıqları artırıb. Bu narahatlıqlar son həftələrdə ABŞ istiqrazlarında və dollar indeksində satış dalğasına səbəb olub.





