
ABŞ Prezidenti Donald Tramp ticarət razılaşmaları ilə bağlı son tarixi 1 avqusta qədər uzadıb. Belə ki, o, bəzi xarici mallara tətbiq olunmalı olan artırılmış idxal rüsumlarının qüvvəyə minməsini 9 iyuldan 1 avqust 2025-ci ilə qədər təxirə salan fərmanı imzalayıb. Bu barədə Ağ Evin saytında məlumat verilib.
BBN.az xəbər verir ki, sənəddə deyilir: “Prezidentin fərmanı ilə qüvvəyə minmiş təxirə salınma 2025-ci il avqustun 1-i, şərq vaxtı ilə saat 12:01-ə (Bakı vaxtı ilə 07:01) qədər uzadılsın.”
Bildirilir ki, Tramp bu qərarı yüksək vəzifəli şəxslərin, o cümlədən ABŞ-ın ticarət tərəfdaşları ilə danışıqların statusu barədə təqdim olunan məlumat və tövsiyələr əsasında qəbul edib. Ağ Evin açıqlamasına görə, prezident bir çox ölkəyə məktublar göndərib və orada 1 avqustdan etibarən bu ölkələrə qarşı qarşılıqlı yeni tarif dərəcələrinin tətbiq olunacağını izah edib.
Xüsusilə qeyd olunur ki, 1 avqustdan ABŞ Yaponiyadan və Cənubi Koreyadan idxal edilən bütün mallara vahid 25 faizlik idxal rüsumu tətbiq edəcək. Məktublarda Tramp bildirib ki, bu rüsum ABŞ ərazisində istehsal olunan məhsullara şamil olunmayacaq. Əgər Yaponiya və ya Cənubi Koreya cavab tədbirləri görsə, ABŞ tərəfi əlavə rüsumlar tətbiq etmək hüququnu özündə saxlayır.
Qeyd edək ki, Tramp 2025-ci ilin aprelində 185 ölkədən idxal olunan məhsullara qarşı tariflərin kəskin şəkildə artırıldığını elan etmişdi. Əvvəlcədən planlaşdırılmışdı ki, 10% səviyyəsində minimum baza gömrük rüsumu aprelin 5-dən qüvvəyə minəcək, bəzi ölkələr üçün isə fərdi rüsumlar aprelin 9-dan tətbiq olunacaq. Tramp bu tədbirləri 90 gün müddətinə təxirə salmışdı ki, bu müddətdə ticarət razılaşmaları üzrə danışıqlar aparılsın. Bu müddət 9 iyulda başa çatır və daha əvvəl prezident onun uzadılmayacağını bildirmişdi.
Hazırda ABŞ yalnız üç ölkə – Vyetnam, Çin və Birləşmiş Krallıqla ticarət razılaşmaları imzalayıb. Bununla belə, Vaşinqton Avropa İttifaqı və Hindistan da daxil olmaqla digər əsas tərəfdaşlarla danışıqları fəal şəkildə davam etdirir. ABŞ Prezidentinin administrasiyası bildirib ki, ABŞ-la geniş ticarət əlaqələri olmayan təxminən 100 ölkəyə də bu cür rüsumlara dair məktublar göndərilə bilər.







