“Turizm və xidmət üzrə iş” komissiyasının növbəti iclası keçirilib

Noyabrın 16-da Qlobal Sahibkarlıq həftəsi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş” komissiyasının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə “Skal İnternational” Beynəlxalq Turizm Peşəkarları Təşkilatının Bakı klubunun (“Skal Bakı”) növbəti 26-cı toplantısı da keçirilib.

“Skal Bakı” klubunun sədri Ceyhun Aşurov çıxışında “Skal İnternational” Beynəlxalq Turizm Peşəkarları Təşkilatının dünyada 85 ölkədə fəaliyyət göstərən 311 klubunun 13 mindən çox peşəkarı birləşdirdiyini qeyd edib.

Onun sözlərinə görə, 2008-ci ildən hər ilin noyabr ayının 3-cü həftəsi bütün dünyada Qlobal Sahibkarlıq Həftəsi kimi qeyd edilir: “Sahibkarlıq dəyər yaradan bir fəaliyyət növüdür. Sahibkarlar bütün vəziyyətlərdə ayaqda durmağı bacaran şəxslərdir. Sahibkarlıq iş yerləri yaradır, sabitlik və firavanlığa töhvə verir. Azərbaycanda 1999-cu ildən Azərbaycan Sahibkarlar Konfederasiyası fəaliyyət göstərir. Hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının 70-ə yaxın Assosiativ üzvü olmaqla, 6000 sahibkarlıq subyektləri üzvü var. Sevindirici haldır ki, sahibkarlığa müdaxilələrin qarşısı alınır, kölgə iqtisadiyyatının səviyyəsi azalır və şəffaflığa artır”.

Məlumdur ki, turizm həssas bir sahədir və dünyadakı bütün proseslər ilk növbədə məhz bu sahəyə təsir edir. KOVİD pandemiyası dünya turizminin 30 il geriləməsinə səbəb oldu. C.Aşurovun sözlərinə görə, Azərbaycan turizmi gündəmlə ayaqlaşmağa çalışır və turizm özünü tez bərpaedə bilən sahədir və Azərbaycan da bu sahə bərpa dövrünü yaşayır.

“Səyahət insanlar üçün lüks deyil, bir ehtiyac halına çevrilib. Turizm həm də iş yerləri və investisiya deməkdir. Biz də Azərbaycanın turizm təmsilçiləri olaraq çalışıb ölkəmizin təbliğatını elə qurmalıyıq ki, turizmin gələcək artımından özümüzə pay götürə bilək”, deyə C.Aşurov bildirib.

“Turizm və xidmət üzrə iş” komissiyasının sədri Ruslan Quliyev – Qarabağın quruculiuğuna toxunub və komissiyada təmsil olunan Azərbaycan şirkətlərinin dünyadakı sərgi və konfranslarında aktiv iştirak ediklərini söyləyib. Azərbaycan Sahibkarlar Konfederasiyasının Şuşa Biznes forumunu qeyd edən R.Quliyev oradan dünyaya verilən mesajların böyük mənəvi və iqtisadi əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov turizmçilərin səsi olaraq Komissiyanın dövlət-özəl dialoqunda iştiraknı artırmasının vacibliyini qeyd edib.

“Qarşımızda duran ən ümdə vəzifə Qarabağın bərpasıdır. Bu məsələdə hazırda sahibkarlar arasında turizmçilər birincidir”, – deyə V.Zeynalov bildirib.

Daha sonra çıxış edən Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev, Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının rəhbəri Göydəniz Qəhrəmanov, komissiyanın üzvləri Əziz Şiriyev, Tərlan Quliyev turizm sahəsindəki mövcud trendlər, Azərbaycanın turizm imkanlarının təşviqi barədə fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır