Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olmuşdur. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Bu dövrdə ölkəmizə gələnlərin 29,7 faizi Rusiya Federasiyası, 26,7 faizi Gürcüstan, 14,5 faizi Türkiyə, 7,0 faizi İran, hər birindən 2,1 faiz olmaqla Hindistan və Ukrayna, 2,0 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,3 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, hər birindən 1,2 faiz olmaqla Küveyt və Qazaxıstan, 1,1 faizi Türkmənistan, 0,9 faizi Böyük Britaniya, hər birindən 0,8 faiz olmaqla Özbəkistan və İraq, 0,7 faizi Belarus, 0,6 faizi İsrail, 5,9 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 76,2 faizini kişilər, 23,8 faizini qadınlar təşkil etmişdir.
Cari ilin yanvar-iyun aylarında Çindən gələnlərin sayı 7,6 dəfə, Cənubi Koreyadan – 6,9 dəfə, Macarıstandan – 5,3 dəfə, Yaponiyadan və İsraildən – 5,1 dəfə, Polşadan – 4,7 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 4,6 dəfə, Kanadadan – 4,2 dəfə, ABŞ-dan və Böyük Britaniyadan – 4,0 dəfə, İraqdan – 3,9 dəfə, Fransadan – 3,8 dəfə, Almaniyadan – 3,7 dəfə, Omandan – 3,6 dəfə, Niderlanddan – 3,5 dəfə azalmışdır.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,0 dəfə azalaraq 16,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,8 dəfə azalaraq 79,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,4 dəfə azalaraq 212,1 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,0 faizi dəmir yolu və avtomobil, 30,4 faizi hava, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 2,6 dəfə azalaraq 973,4 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 33,2 faizi İrana, 29,6 faizi Gürcüstana, 20,5 faizi Rusiya Federasiyasına, 9,5 faizi Türkiyəyə, 7,2 faizi isə digər ölkələrə səfər etmişdir. Gedənlərin 69,7 faizini kişilər, 30,3 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə, Türkiyəyə gedənlərin sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 2,4 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,3 dəfə azalmışdır.
2020-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,7 faizi dəmir yolu və avtomobil, 16,5 faizi hava, 1,8 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.