![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Bu il aprelin 7-də Türkiyənin İstanbul şəhərində Türk Ticarət və Sənaye Palataları (TCCI) Birliyinin Baş Assambleyasının 4-cü iclası keçirilib. İclasda, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti iştirak edib. Tədbirə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistandan sahibkarlar təşkilatlarının rəhbərləri, adıçəkilən ölkələrin, o cümlədən Macarıstanın Türkiyədəki diplomatik nümayəndəliklərinin təmsilçiləri qatılıblar.
İclası Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) prezidenti Rıfat Hisarcıklıoğlu açaraq TCCI-nin 2022-ci ildə fəaliyyətinə dair hesabat verib. Sonra Palatanın yeni əsasnaməsinin imzalanması, Palataya prezidentin, İdarə Heyətinin və Müşahidə Şurasının üzvlərinin seçilməsi, Baş katibin təyin edilməsi və digər məsələlər üzrə qərarlar qəbul edilib. TCCİ-nın Baş katibi Adəm Kulanın moderatorluğu ilə keçən görüşdə ASK prezidenti M.Musayev, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Kipr Türk Respublikasının ticarət və sənaye palatalarının rəhbərləri çıxış ediblər.
Bununla yanaşı, ASK İdarə Heyətinin üzvü, Türk Ticarət və Sənaye Palataları Birliyinin Qadın Sahibkarlar Komitəsinin sədri Səkinə Babayeva Komitənin fəaliyyəti haqqında məlumat verib. Eləcə də, Kipr Türk Respublikasının qadın sahibkarlıq təşkilatı Komitəyə üzv qəbul edilib.
İclas zamanı, Türk Ticarət və Sənaye Palataları Birliyinin növbəti bir il üçün prezidenti Türkiyə Odalar və Borsalar Birliyinin 2rəhbəri seçilib. Bu ilin oktyabr ayında keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündən öncə, sentyabr ayında Türk Ticarət və Sənaye Palataları (TCCI) Birliyinin təşkilatçılığı ilə Türk Biznes Forumunun Qazaxıstanda keçirilməsi qərara alınıb.