Türkiyə Vahid Avro Ödəniş Bölgəsinə (SEPA) qoşulmaq niyyətini rəsmən bəyan edərək Avropa Ödəniş Şurasına (EPC) müvafiq niyyət məktubu göndərib.
Bu barədə İstanbulda keçirilən Aİ–Türkiyə Yüksək Səviyyəli İqtisadi Dialoqunun yekunlarına dair yayılan birgə bəyanatda bildirilib.
Sənəddə qeyd olunur ki, Türkiyənin gələcəkdə SEPA sisteminə qoşulması Avropa İttifaqı ilə sərhədlərarası ödənişlərin daha sürətli, təhlükəsiz və səmərəli həyata keçirilməsinə imkan yaradacaq. Tərəflər hesab edirlər ki, bu addım ticarət və investisiya əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərəcək.
İstanbulda keçirilən görüşə Avropa Komissiyasının iqtisadi məsələlər üzrə üzvü Valdis Dombrovskis və Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşek həmsədrlik ediblər. Toplantıda həmçinin Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də Avropa Şurası İnkişaf Bankının nümayəndələri iştirak ediblər.
Birgə bəyanatda geosiyasi gərginliklərin və qlobal iqtisadi risklərin artdığı şəraitdə qarşılıqlı faydalı tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Sənəddə Türkiyənin həm Avropa İttifaqına namizəd ölkə, həm də Aİ üçün strateji tərəfdaş olduğu qeyd edilib.
Bəyanatda Aİ–Türkiyə münasibətlərinin qanunun aliliyi, fundamental insan hüquqları, demokratiya və media azadlığı prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyi də xüsusi qeyd olunub.
Avropa Komissiyası isə beynəlxalq mühitdə artan qütbləşmə fonunda iqtisadi etimadın möhkəmləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsinin prioritet olduğunu bildirib.
Qeyd edək ki, Avropa Ödəniş Şurası (EPC) Avropada elektron ödəniş standartlarının hazırlanması və koordinasiyasını həyata keçirən beynəlxalq qeyri-kommersiya təşkilatıdır. SEPA sistemi isə avro ilə həyata keçirilən bank köçürmələrinin üzv ölkələr arasında daxili ödənişlər qədər sürətli, sadə və aşağı xərclə icra olunmasını təmin edir. Hazırda bu ödəniş məkanına 41 ölkə daxildir.