Türkiyə Respublikasında bank sektoru ölkə iqtisadiyyatında böyük paya sahib sektordur. 34-ü kommersiya bankı olmaqla, hazırda 55 banka sahib olan Türkiyədə plastik kartlardan istifadə də istehlakçılar arasında sürətlə yayılmaqdadır.
Banklararası Kart Mərkəzi (BKM) tərəfindən tərtib edilən hesabata əsasən, 2022-ci ilin birinci rübündə Türkiyədə plastik bank kartlarının ümumi sayı 153 milyon 946 min 163 ədəd olub. Bu isə, 2021-ci ilin yekun göstəriciləri ilə müqayisədə, 3 milyon 846 min 997 ədəd artım deməkdir. Cari dövr üzrə sözügedən göstəricinin 88 milyon 73 minlik hissəsi kredit kartlarının payına düşür.
Birinci rübdə ən çox artıma nail olan seqmentlərdən biri də təmassız kartlar olub. Belə ki, 2021-ci ilin sonunda 54 milyon 86 min civarında dövr edən təmassız ödəniş kartlarının sayı 2022-ci ilin birinci rübündə 4.6 milyondan çox artaraq, 58.7 milyon səviyyəsinə yaxınlaşıb. Qeyd edək ki, 2018-ci ildə cəmi 30 milyon səviyyəsində olan təmassız kartların istehlakçılar arasında yayğınlaşmasının sürətlənməsində koronavirus pandemiyasının da rolu olub.