
BBN.az xəbər verir ki, qlobal maliyyə bazarlarında müşahidə olunan dalğalanmalar, Wall Street-də bank və texnologiya şirkətlərinin səhmlərindəki enişlər, Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti ilə bağlı qeyri-müəyyənliklər və geopolitik risklər təcrübəli investorların risk iştahını orta səviyyədə saxlamasına səbəb olub.
Məlumata görə, investorlar bazardan tam çıxmaq əvəzinə, mövqelərini balanslaşdıraraq kapitalın qorunmasına və risklərin bölüşdürülməsinə üstünlük verirlər. Faiz endiriminin hələ başlamaması riskli aktivlərə tələbatı məhdudlaşdırır və investorları daha ehtiyatlı davranmağa sövq edir.
Hazırkı şəraitdə investorların marağı daha çox birja fondlarına (ETF) yönəlir. Geniş bazarı əhatə edən indeks fondları, sabit gəlir təqdim edən dividend yönümlü fondlar, səhiyyə və enerji kimi defensiv sektor fondları, həmçinin qızıl və istiqraz bazarını əhatə edən qoruyucu alətlər portfellərdə əsas seçimlər hesab olunur. Kiçik kapitallaşmaya malik şirkətləri əhatə edən fondlara isə məhdud həcmdə investisiya edilir.
Eyni zamanda, investorlar yüksək qiymətləndirilmiş texnologiya səhmlərində pay artırmaqdan, qısa müddətli spekulyativ əməliyyatlardan və borclanma hesabına aparılan investisiyalardan uzaq dururlar. Mütəxəssislər bildirirlər ki, bazarda baş verən hərəkətlər genişmiqyaslı maliyyə böhranı ilə bağlı deyil, daha çox əvvəlki yüksəlişlərdən sonra baş verən texniki korreksiya ilə əlaqədardır.
Hazırkı vəziyyətdə investorlar ehtiyatlı mövqe saxlayaraq bazardakı dəyişiklikləri izləməyə davam edir







