
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda nağd xarici valyutanın alışı onun satışını 393 milyon ABŞ dolları məbləğində üstələyib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
AMB-nin açıqlamasına görə, cari ildə valyuta bazarında təklifin tələbi üstələməsi ümumi stabilliyin qorunmasına səbəb olub.
Qurum qeyd edir ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2,1 faiz bəndi azalaraq 29%-ə enib ki, bu da məzənnə gözləntilərinin müsbət olduğunu göstərir.
Bu şəraitdə 2025-ci ilin ilk 11 ayında AMB-nin valyuta ehtiyatları 4,3% artaraq 11,4 milyard ABŞ dollarına çatıb.





