İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması məqsədilə beynəlxalq təcrübədə istifadə olunan “çəkindirmə” metodlarından (“naming and shaming”) istifadəni və bu çərçivədə vergi cinayəti törətmiş şəxslərlə bağlı məlumatların açıqlanmasını davam etdirir. Vergi cinayətləri sahəsində rast gəlinən əsas hallardan biri müxtəlif çoxsaylı hüquqi şəxslərin yaradılması, faktiki fəaliyyət göstərərək gəlirlər əldə edilməsi, bununla belə, sahibkarlıq faəliyyətindən gəlirlər və xərclər barədə vergi orqanlarına təqdim edilmiş bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatlar daxil edilməsi ilə bağlıdır.
Belə fəaliyyətlə məşğul olaraq xüsusilə külli miqdarda vergiləri dövlət büdcəsindən yayındıran şəxslərdən biri Qasımov Natiq Şərəddin oğludur. Bakı şəhərində anadan olmuş vətəndaş N.Qasımov eyni zamanda bir neçə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınaraq müxtəlif müəssisələrin rəhbəri kimi fəaliyyət göstərib. Belə ki, o, 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan “Biznes-Qrup” MMC və “Toodor-2017” MMC-nin, 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan “Texniki Kompleks 2016” MMC və “Alyans Təminat” MMC-nin, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan “Life LT” MMC və “Lezko-BB” MMC-nin, 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan “Bizness-Elit” MMC, “İSB Country” MMC və “MTS-2015” MMC-nin, 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan “Kristal LTD” MMC-nin faktiki rəhbəri olub.
N.Qasımovun digər şəxslərlə birgə rəhbərlik etdiyi 10 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1,5 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub. Bu səbəbdən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, lakin əvvəllər də eyni əməli törətdiyinə görə məhkəmənin hökmü ilə təqsirli bilinərək həbs olunduğundan və hazırda cəza çəkdiyindən barəsində qətimkan tədbiri seçilməyib.
Cinayət işi üzrə aparılan istintaq yekunlaşaraq, ittiham aktı Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunub, oradan isə baxılması üçün məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin 08.05.2023-cü il tarixli hökmü ilə Qasımov Natiq Şərəddin oğlu Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutma və sahibkarlıq fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Əvvəlki hökmü də nəzərə alınmaqla, ona qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutma və sahibkarlıq fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Dövlət Vergi Xidməti bildirir ki, sahibkarlıq fəaliyyətindən gəlirlər və xərclərin uçotunun aparılması, gəlirlərin vergi orqanlarına düzgün bəyan olunması, dövlət büdcəsinə vergilərin vaxtında və tam şəkildə ödənilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilir. Təqdim edilmiş bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatlar daxil edilməsi, vergilərin dövlət büdcəsindən yayındırılması, yayındırılmış vergilərin həcmindən asılı olaraq, inzibati və cinayət məsuliyyəti yarada bilər. Vergi cinayətlərinə yol verən, xüsusilə də külli miqdarda vergiləri büdcədən yayındıran şəxslərin adlarının ictimaiyyətə açıqlanması davam etdiriləcək.