
Süni intellektin təhsildə tam olaraq necə reallaşdırılması məsələsi açıq qalır.
Bunu Elm və Təhsil Nazirliyi-nin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, süni intellekt sahəsində dünya hazırda daha çox aydınlaşdırma mərhələsindədir:
“Onun təhsildə necə reallaşdırılması hələ sual altındadır. Bunun üçün tədris planları da dəyişməlidir. Bu istiqamətdə tədbirlər davam etdirilir”.
V.Xanlarov qeyd edib ki, süni intellektin tətbiqində əsas məqsədlərdən biri müəllimin şagirdə daha çox vaxt ayırmasına şərait yaratmaqdır.
“Müəyyən edilmiş metodologiyaları rəqəmsallaşdıra bilərik ki, bu da müəllimə dəstək olacaq. Süni intellekt tənbəl müəllim və ya şagird yetişdirəcəkmi sualına gəldikdə isə demək istəyirəm ki, süni intellekt əsasən məlumatların təhlili ilə məşğuldur. Müəllimlər üçün onun tətbiqinin əsas məqsədi işi asanlaşdırmaqdır”, – deyə o vurğulayıb.





