“X” platforması məzmun istehsalçıları üçün tətbiq etdiyi Gəlir Paylaşımı proqramını dayandıraraq onun əvəzinə “Orijinal Məzmun Mükafatları” adlı yeni sistem tətbiq edəcək.
BBN.az xəbər verir ki, Elon Maskın sahibi olduğu sosial media platforması yaradıcıların maliyyələşdirilməsi mexanizmində əsaslı dəyişiklik etməyə hazırlaşır.
Şirkətin açıqlamasına görə, Gəlir Paylaşımı proqramına yeni iştirakçıların qəbulu artıq dayandırılıb. Mövcud iştirakçılar isə sentyabrın 7-dək gəlir əldə etməyə davam edə biləcəklər.
Sentyabrın 8-dən etibarən yaradıcılar yeni “Orijinal Məzmun Mükafatları” proqramına müraciət edə biləcəklər. Yeni sistemin əsas məqsədi platformada daha çox orijinal məzmun yaradılmasını təşviq etməkdir.
Yeni proqramda iştirak etmək üçün istifadəçilərin “X”in ödənişli abunə paketlərindən birinə üzv olması tələb olunur. Bundan əlavə, müəyyən auditoriya və baxış meyarlarının qarşılanması şərtdir.
Belə ki, iştirakçının ən azı 500 təsdiqlənmiş izləyicisi olmalı və son 90 gün ərzində təsdiqlənmiş istifadəçilərdən 500 min Əsas Lent baxışı toplaması tələb edilir.
Beləliklə, “X”in yeni monetizasiya modelində əsas diqqətin sadəcə baxış və auditoriya sayına deyil, orijinal məzmunun yaradılmasına yönəldiləcəyi gözlənilir.