
Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 3 milyard 707,3 milyon manat, xərcləri isə 1 milyard 437,6 milyon manat təşkil edib.
BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,5 % və 35,9 % azdır.
Büdcə gəlirləri proqnozu 0,9 % üstələyib, xərclər isə proqnozdan 4,2 % az icra olunub.
Nəticədə ötən ay dövlət büdcəsində 2 milyard 707,3 milyon manat həcmində profisit formalaşıb ki, bu da ÜDM-in 29,8 %-nə bərabərdir. Profisit ötən ilin yanvar ayı ilə müqayisədə 28,9 % çoxdur.
Yanvar ayında büdcə gəlirlərinin strukturu belə olub:
-
Dövlət Vergi Xidməti xətti ilə daxilolmalar 2 milyard 50,3 milyon manat təşkil edərək proqnozu 50,3 milyon manat və ya 2,5 % üstələyib;
-
Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 487 milyon manat olub və proqnozdan 2 milyon manat və ya 0,4 % çox icra edilib;
-
Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 4,9 milyon manat təşkil edərək proqnozu 0,2 milyon manat və ya 4,4 % üstələyib;
-
Sair daxilolmalar 31 milyon manat olub ki, bu da proqnozdan 3,1 milyon manat və ya 11,2 % çoxdur;
-
Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edərək proqnozdan 26,9 % az icra olunub;
-
Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfert 1 milyard 70 milyon manat olmaqla proqnoza qarşı 100 % icra edilib.





