Yaponiyanın baş naziri Şinzo Abe yaxın günlərdə Yaponiya iqtisadiyyatını koronavirus pandemiyasının mənfi təsirlərindən qoruyacaq olan 108.2 trilyon yen (990 milyard dollar) həcmində tədbirlər planı açıqlayıb. Bizneslərin kompensasiya yolu ilə müflisləşməyinin qarşısını almaqdan tutmuş makroiqtisadi göstəricilərin stabilliyinin qorunmasına qədər bir çox sahəni əhatə edən bu tədbirlər planı ölkə ÜDM-in 20%-lik hissəsini təşkil edir.
Yaponiya hökuməti sözügedən tədbirlər planının həyata keçirilməsi üçün zəruri olan maliyyə vəsaitinin bir qismini dövlət istiqrazları vasitəsilə təmin etməyi planlaşdırır. Belə ki, hökumət tərəfindən 16.8 trilyon yen (155.87 milyard dollar) həcmində istiqrazlar dövriyyəyə buraxılır.
Bununla da, 2020-ci büdcə ili dövründə ümumilikdə 49.4 trilyon yen (458.3 milyard dollar) həcmində istiqrazlar dövriyyəyə buraxılacaq. Bu isə, 2008-ci il maliyyə böhranı dövründə dövriyyəyə buraxılan istiqraz həcminə (52 trilyon yen) yaxın göstəricidir. Qeyd edək ki, 16.8 trilyon yen həcmində istiqrazların dövriyyəyə buraxılması ilə Yaponiyanın istiqrazdan asılılıq nisbəti (bond dependency ratio) göstəricisi 31.7%-dən 41.3%-ə yüksələcək.