Yaponiya Mərkəzi Bankının (BOJ) yanvar ayı üzrə iki günlük iclasını faiz dərəcələrində dəyişiklik etmədən başa vuracağı gözlənilir. Analitiklərin proqnozuna görə, bank əsas faiz dərəcəsini dekabrda edilən 25 baza bəndi artımından sonra 0,75% səviyyəsində saxlayacaq.
Bununla belə, ekspertlər BOJ-un iclasdan sonra daha sərt (hawkish) ritorika nümayiş etdirə biləcəyini bildirirlər. Bu, xüsusilə zəifləyən yen, davamlı inflyasiya və artan fiskal risklər fonunda mümkündür.
Dekabrda faiz artımından sonra Mərkəzi Bank əməkhaqqı artımı, iqtisadi genişlənmə və inflyasiyanın proqnozlara uyğun irəlilədiyini vurğulamışdı. Lakin yaxın dövrdə növbəti faiz artımı ehtimalı zəif qiymətləndirilir və BOJ-un ən azı mart ayınadək gözləmə mövqeyində qalacağı düşünülür. Bu baxımdan yaz mövsümündə keçiriləcək əməkhaqqı danışıqları bank üçün əsas göstəricilərdən biridir.
OCBC bankının analitiki Franses Çanq bildirib ki, əgər BOJ əməkhaqqı artımının güclü olacağına dair daha qəti mesaj versə, faiz artımı artıq mart ayında gündəmə gələ bilər.
Digər tərəfdən, investorlar Baş nazir Sanae Takaichinin daha yumşaq fiskal siyasət planlarına da diqqət yetirirlər. Takaichi fevralın əvvəlinə növbədənkənar seçkilər elan edib və dövlət xərclərinin artırılmasını prioritet kimi göstərib. Bu açıqlamalar yapon yeninə əlavə təzyiq yaradıb.
Yanvar ayında dollar/yen məzənnəsi 159 səviyyəsinədək yüksələrək son 2,5 ilin maksimumuna çatıb. Yenin zəifləməsi dövlət borcu bazarında satışlarla da müşayiət olunub və investorlar geniş fiskal xərclərin necə maliyyələşdiriləcəyinə dair narahatlıqlarını ifadə ediblər.
Analitiklər hesab edirlər ki, BOJ yenin zəifləməsinin inflyasiyaya təsirini xüsusi vurğulasa, bu, bazarlar tərəfindən sərt siqnal kimi qəbul edilə bilər və milli valyutaya qısamüddətli dəstək verə bilər.
Eyni zamanda, iclasdan öncə açıqlanacaq istehlak qiymətləri indeksi (CPI) üzrə məlumatlar inflyasiyanın dekabrda zəiflədiyini göstərə bilər. ING analitiklərinin fikrincə, inflyasiyada kəskin soyuma BOJ-un gələcək faiz artımı planlarını yenidən gözdən keçirməsinə səbəb ola bilər.
Fond bazarlarına gəlincə, Yaponiya səhmləri indiyədək sərt monetar ritorikaya məhəl qoymayıb. Nikkei 225 və TOPIX indeksləri yanvar ayında rekord səviyyələrə yaxın ticarət olunub. Bank sektoru faiz artımı ehtimallarından faydalana bilər, ixrac yönümlü şirkətlər isə yenin möhkəmlənməsi halında təzyiq altına düşə bilər.





