Home » 2020-ci ilin I rübündə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində bir sıra tədbirlər həyata keçirilib

2020-ci ilin I rübündə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində bir sıra tədbirlər həyata keçirilib

by bbnadm
0 comment 0 views 4 minutes read

2020-ci ilin I rübü ərzində Azərbaycan Respublikası Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 05 dekabr  2019-cu il tarixli 1673 nömrəli Sərəncamından irəli gələn tapşırıqların icrası ilə bağlı yaradılmış Komissiyanın fəaliyyət istiqamətləri üzrə aidiyyəti qurumların rəhbərliyi ilə təsis edilmiş 7 işçi qrup öz işini davam etdirib.

Hesabat dövründə Torpaq sahələrinin ayrılması üzrə İşçi qrup tərəfindən torpaq sahələrinə yerində baxılması məqsədilə müvafiq orqanların nümayəndələrinin iştirakı ilə günəş enerjisindən istifadə üzrə layihənin reallaşdırılacağı “Area 60” və külək enerjisindən istifadə üzrə layihənin reallaşdırılacağı “Area 1” adlandırılan sahələrə səfərlər edilib və ərazilər üzrə müzakirələr aparılıb.

Şəbəkənin güclən­dirilməsi və şəbəkəyə inteqrasiya üzrə İşçi qrup tərəfindən pilot layihələrin enerjisistemə inteqrasiyası ilə bağlı ilkin sxemlər müzakirə edilib, enerjisistemin idarə olunması, elektrik enerjisinin ötürülməsi, rele-mühafizə və avtomatika üzrə tədbirləri əhatə edən beynəlxalq standartlara müvafiq tələblər və şəbəkənin gücləndirilməsinə dair görüləcək işlər müəyyənləşdirilib. “Masdar” şirkətinin nümayəndələri ilə “Azərenerji” ASC-nin nümayəndələri arasında keçirilmiş görüş zamanı şirkət tərəfindən Azərenerji ASC-yə təqdim edilmiş günəş elektrik stansiyası ilə əlaqədar birxətli sxem müzakirə edilib və razılıq əldə olunub. Hazırda “Acwa Power” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan külək layihəsi ilə əlaqədar ərazinin konfiqurasiyasının dəqiqləşdirilməsi işləri aparılmaqdadır. Dəqiqləşmələr sona çatdıqdan sonra müvafiq sxem “Azərenerji” ASC-yə təqdim edilərək razılaşdırılacaq.

Rüb ərzində Hüquqi və institusional məsələlər üzrə İşçi qrupun fəaliyyəti də davam etdirilib. İşçi qrupun Komissiyaya təqdim edilmiş rəyindən sonra əməkdaşlığa başlanmış “White & Case” şirkəti tərəfindən elektrik enerjisinin satınalınması müqaviləsi, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsi, layihələrin icrası ilə bağlı dövlət zəmanəti müqaviləsi və tələb olunan digər müqavilələrin ilkin layihələri hazırlanıb. Bu layihələr “White & Case” şirkətinin nümayəndələri ilə baş tutacaq görüşlərdən əvvəl müzakirələrin aparılması, sənədlərlə bağlı müvafiq rəylərin formalaşdırılması, konseptual məsələlər üzrə mövqe bildirilməsi məqsədilə aidiyyəti İşçi qruplara təqdim olunub. Qeyd edək ki, iqtisadi-maliyyə-kommersiya və texniki məsələlər üzrə müzakirələrin aparılması məqsədilə “White & Case” şirkətinin cari ilin ikinci rübündə Bakıya səfəri planlaşdırılır.

Ekoloji və sosial qiymətləndirmə ilə bağlı İşçi qrup tərəfindən keçirilən müzakirələrin nəticəsi olaraq təklif olunan ərazilər üzrə sahə səfəri həyata keçirilib və bərpa olunan enerji mənbələrindən istifadə ilə əlaqədar pilot layihənin icrası üçün seçilmiş ərazilərə dair ekoloji və sosial qiymətləndirmə barədə rəy hazırlanaraq Energetika Nazirliyinə təqdim edilib.

Rüb ərzində Tikintiyə icazə və istismara qəbul ilə bağlı İşçi qrup tərəfindən müzakirələr aparılıb, xarici investorların cəlbi ilə həyata keçirilən pilot layihələrin əhəmiyyətini və müvafiq sərəncamda göstərilən tarixin məhdudluğu nəzərə alınaraq, Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarının iştirakı ilə nəzərdə tutulan ərazilərin Energetika Nazirliyinin balansına verilməsi və qanunvericiliklə tələb olunan razılaşdırma və təsdiq prosedurlarının sadələşdirilməsi ilə bağlı təkliflərin baxılması üçün komissiyaya təqdim edilməsi qərara alınıb. 

Cari ilin I rübündə həmçinin, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və bu potensialdan istifadə məqsədi ilə atılacaq addımların və yerinə yetiriləcək tədbirlərin Vaxt Qrafikinə uyğun olaraq bir sıra tədbirlər həyata keçirilib. Seçilmiş və prioritetləşdirilmiş bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik sahələrdə hərrac vasitəsilə investisiya qoyuluşu istiqamətində işlər davam etdirilib. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə adıçəkilən hərracların layihələndirilməsi və icra edilməsi üzrə əməkdaşlıq çərçivəsində müvafiq məsləhətçi şirkət tərəfindən hazırlanmış hərrac qaydaları, alqı-satqı müqavilələrinin prinsipləri və qoşulma müqaviləsinin layihəsi baxılması üçün Energetika Nazirliyinə təqdim olunub. Qeyd edək ki, AYİB bərpa olunan enerji potensialına malik sahələrin birində külək ölçü-müşahidə stansiyasının quraşdırılması və ölçmələrin aparılmasında köməklik göstərməyi qəbul edib. Hazırda bank 12 aylıq külək ölçmə-müşahidə işlərini layihələndirəcək və həyata keçirəcək məsləhətçi şirkət cəlb edilməsi istiqamətində işləri davam etdirir.

Hesabat dövründə “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamla Energetika Nazirliyinə verilmiş tapşırıqların icrası məqsədilə Norveçin DNV GL Energy Advisory GmbH şirkəti cəlb edilməklə hazırlanmış “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun layihəsi razılaşdırılması üçün müvafiq dövlət qurumlarına təqdim edilib.

Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsini nəzərdə tutan “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” adlı pilot layihəsi davam etdirilməkdədir və layihənin icrasının 2021-ci ilin mart ayına qədər başa çatdırılması nəzərdə tutulur.

Kiçik su elektrik stansiyalarının istismarı, tikintisi və layihələndirilməsi sahəsində BP və ATKİNS şirkəti ilə ötən il yaradılmış əməkdaşlıq əlaqələri və BP-nin dəstəyi ilə ATKİNS şirkəti ilə bu sahədə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr də davam etdirilir.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.