
2026-cı ilin yanvar–may aylarında “AzStateNet” şəbəkəsində 83,6 milyon zərərli keçid bloklanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə azdır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, hesabat dövründə son istifadəçilərin cihazlarında quraşdırılmış mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 337,1 min zərərverici proqram təminatı aşkarlanaraq zərərsizləşdirilib. Bu göstərici illik müqayisədə 31 faiz azalıb.
Eyni zamanda, “Sandbox” mühafizə sistemi vasitəsilə 64 min 141 zərərverici tərkibli elektron sənəd bloklanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artım deməkdir.
Müqayisə üçün qeyd edək ki, 2025-ci il ərzində “AzStateNet” şəbəkəsində ümumilikdə 449,39 milyon zərərli keçid bloklanmışdı. Həmin il mərkəzi antivirus sistemi vasitəsilə 26 milyon 525 min 400, “Sandbox” sistemi ilə isə 96 min 794 zərərli elektron sənəd aşkar edilərək bloklanmışdı.




